...

"İctimai Palata"nın icazəsiz aksiyası ilə bağlı daha 4 nəfərin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 14 İyul 2011 12:34 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar daha 4 nəfərin barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
"İctimai Palata"nın icazəsiz aksiyası ilə bağlı daha 4 nəfərin işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar daha 4 nəfərin barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev Trend-ə bildirib ki, təqsirləndirilənlər Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin barələrindəki cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Rzayev bildirib ki, Quliyev və Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri, Məcidli və Hacıbəyli isə yalnız 233-cü maddə ilə ittiham olunur.

Aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi Səbail rayon məhkəməsinin icraatındadır.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işi üzrə məhkəmə baxışı iyulun 19-da başlayacaq.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti