...

Vəkilliyə qəbul üçün keçirilən müsabiqənin ikinci mərhələsi sentyabrda başlayacaq

Cəmiyyət Materials 18 İyul 2011 11:01 (UTC +04:00)
Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarında uğur qazanan namizədlərlə sentyabrda söhbət başlayacaq.
Vəkilliyə qəbul üçün keçirilən müsabiqənin ikinci mərhələsi sentyabrda başlayacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarında uğur qazanan namizədlərlə sentyabrda söhbət başlayacaq.

Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlılığını müəyyən etmək məqsədilə onlarla şifahi müsahibə keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün üçün 605 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 74 nəfəri imtahana gəlməyib. İmtahanda namizədlərin 177 nəfəri 60 və daha çox bal toplayaraq ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.

Müsabiqənin söhbət mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılacaq.

Müsahibənin keçiriləcəyi yer və vaxt barədə namizədlərə qabaqcadan məlumat veriləcəyi bildirilir.

Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Şifahi müsahibə zamanı namizədlərə hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.

Namizədin cavabları "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndirilir. Şifahi müsahibənin nəticələri hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra dərhal elan edilir.

Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti