Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurası jurnalistləri öz məsuliyyətlərini daha ciddi dərk etməyə çağırır.
"Jurnalistlər öz məsuliyyətlərini daha ciddi dərk etməlidirlər və fəaliyyətlərində təhqir və ya böhtana yol verməməlidirlər. "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul edilib-edilməməsindən asılı olmayaraq, jurnalistlər işlərinə məsuliyyətlə yanaşmalıdırlar", - bunu çərşənbə axşamı Trend-ə Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Rəhimzadənin sözlərinə görə, jurnalistlər arasında istər beynəlxalq təşkilatlar, istərsə də jurnalist təşkilatları müəyyən treninqlər keçirməlidirlər və jurnalistlərə izahat işləri aparılmalıdır.
"Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunması heç kimi təhqir etmək məsuliyyətindən azad etmir. Qanunun qəbul olunması kiminsə şərəf və ləyaqətini alçaltmağa əsas vermir", - Rəhimzadə əlavə edib.
Rəhimzadə onu da qeyd edib ki, hazırkı qanun layihəsini mükəmməl hesab etmək olmaz.
"Qanun üzərində hələ də iş gedir. Qanun layihəsi Milli Məclisə təqdim olunduqdan sonra, yəqin ki, millət vəkillərinin də müəyyən təklifləri olacaq. Ona görə də hesab etmirəm ki, bu yekun layihədir", - o bildirib.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi hazırlanıb. Layihə 5 fəsil, 16 maddədən ibarətdir. "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunacağı təqdirdə diffamasiyaya görə cinayət məsuliyyəti ləğv olunacaq və "Cinayət Məcəlləsinin" 147, 148 və 323-cü maddələri qüvvədən düşəcək.
Qanun layihəsi Mətbuat Şurası tərəfindən ATƏT-in Bakı ofisi ilə birgə hazırlanıb.