...

Bu ilin I yarısında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 22 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 27 İyul 2011 12:23 (UTC +04:00)
Bu ilin birinci yarısında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 22 əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb olunub.
Bu ilin I yarısında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 22 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 22 əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, əcnəbilərdən 89 kiloqram 615 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb.

Ötən ilin müvafiq dövründə isə bu cinayətlərə görə 27 əcnəbi məsuliyyətə cəlb olunmuş, onlardan 130 kiloqram 415 qram narkotik vasitə götürülmüşdü.

Məsuliyyətə cəlb edilənlərdən 9-u İran, 6-sı Rusiya, 4-ü Gürcüstan, hərəsindən bir nəfər olmaqla Ukrayna, Türkmənistan və Əfqanstan vətəndaşları olub.

Hesabat dövründə respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1702 cinayət qeydə alınıb. Cinayətlərdən 584-ü narkotiklərin satışı, 1066-sı saxlanması, 47-si əkini ilə bağlı, 5-i isə digər cinayətlərdir. Ötən ilin müvafiq dövründə ölkədə 1837 cinayət qeydə alınmışdı.

Bu ilin birinci yarısında qanunsuz dövriyyədən 436 kiloqram 363 qram müxtəlif növ narkotik vasitə çıxarılıb. Onlardan 196 kiloqramdan artıq marixuana, 155 kiloqramdan artıq həşiş, 20 kiloqramdan artıq tiryək, 58 kiloqramdan artıq heroin olub.

Hesabat dövründə 214 ton 310 kiloqram yabanı halda bitmiş narkotik xassəli bitki məhv edilib.

Ötən il Azərbaycanda narkotik istifadəçilərinin sayı 2500 nəfər artıb, hazırda rəsmi qeydiyyatda 25 min 500 nəfər narkotik istifadəçisi var. Onlardan 500-ə yaxını qadındır. Narkotik istifadəçilərinin 3119 nəfəri 18-29, 5564 nəfəri 30-39 yaş kateqoriyasında olanlardır.

Xəbər lenti

Xəbər lenti