...

Bakıda avtoxuliqanların il ərzində törətdiyi hadisələrin statistikası açıqlanıb

Cəmiyyət Materials 2 Avqust 2011 12:20 (UTC +04:00)
Bakıda avtoxuliqanların bu il ərzində törətdiyi hadisələrin statistikası açıqlanıb
Bakıda avtoxuliqanların il ərzində törətdiyi hadisələrin statistikası açıqlanıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Bakıda avtoxuliqanların bu il ərzində törətdiyi hadisələrin statistikası açıqlanıb.

"2011-ci il yanvarın 1-dən iyulun 30-dək Bakı şəhəri üzrə qeydə alınan ümumi yol nəqliyyat hadisələrindən 19 fakt avtoxuliqanlıq əlamətləri ilə baş verib ki, bunlar da 11 ölüm, 14 müxtəlif dərəcədə xəsarətlə nəticələnib", - Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən, Bakı Dövlət Yol Polisinin "Facebook" sosial şəbəkəsindəki ictimai səhifəsi vasitəsilə "Avtoxuliqanların karikaturası" mövzusu üzrə elan etdiyi müsabiqənin yekunları ilə bağlı mükafatların təqdim etmə mərasimində çıxışı zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, maddi zərərlə baş verən 21 yol-nəqliyyat hadisəsində isə 16 avtoxuliqanlıq edən sürücülər hadisə yerindən yayınmağa müvəffəq olsalar da, sonradan keçirilən axtarış tədbirləri nəticəsində onlar da aşkar edilib, sənədləşdirilərək aidiyyatı üzrə məhkəmələrə göndərilib.

Qeyd edilən müddətdə DYP əməkdaşlarının müşahidələri və xüsusi texniki vasitələrin göstəriciləri əsasında açıq-aşkar təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratdıqlarına görə 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Əsədov bildirib ki, inzibati məsuliyyətə cəlb olunan sürücülərin 39-u il ərzində ikinci dəfə avtoxuliqanlığa görə məhkəmə kürsülərində əyləşməli olub.

Tərtib edilən raportlar və daxil olan məlumatlar əsasında "VAZ-2107" və digər markalı qeydiyyat nişanı və sürücüləri məlum olan avtomobillərdən 27-nin saxlanması üçün bu gün də axtarış tədbirləri görülür.

Əsədovun sözlərinə görə, yaş həddi əsasən 20-30 arasında olan xuliqanlar paytaxtın "5 mərtəbə", 3-cü mikrorayon dairələrində, Zərifə Əliyeva və Hüseyn Cavid adına parkın ətrafında, Babək, Tbilisi, Nobel prospektləri, Rəşid Behbudov, Bakıxanov küçələri, Biləcəri şossesi və s. yerlərdə saxlanılıb.

Nazirliyin gün ərzində aktiv olan 102 telefon xəttinə 297, Bakı şəhər BPİ DYPİ-nin növbətçi hissəsinə 161, eləcə də rayon dövlət yol polisi şöbələrinə 96 sayda şikayət daxiul olub. Bu da 554 vətəndaşın rəsmi müraciəti deməkdir. Avtoxuliqanlığa qarşı keçirilən tədbirlər zamanı paytaxt sakinlərindən həmin avtoxuliqanları açıq-aşkar dəstəkləyənlər də müşahidə olunub. Bəzi vətəndaşların "səyi" nəticəsində 11 avtoxuliqan hadisə yerindən yayına bilib.

Avtoxuliqanlıq edən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə BDYPİ həmin sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, intizam məsuliyyətinə dəvət etmək üçün də vəsatət qaldırıb. Belə ki, avtoxuliqanların çalışdığı və təhsil aldığı müəssisə rəhbərliyinə intizam tənbeh tədbirlərinin görülməsi üçün təqdimatların və ya onların valideynlərinə belə yazılı məlumatların verilməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti