Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/
2 aprel aksiyasının iştirakçılarından olan İsrafilov Elnur Arif oğlu, Alışlı Arif Hacıbala oğlu, Eyvazov Zülfüqar Xeyrulla oğlu və Kərimov Sahib Fərman oğlunun Azərbaycan Cinayət Məcəlləsinin İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (233-cü) və Əmlakı qəsdən məhv etmə və ya zədələmə (186.1-ci) maddələri ilə, Həsənov Babək Qəzənfər oğlu və Həsənov Elşən Abduləziz oğlunun CM-nin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə axşamı Səbail rayon məhkəməsində davam etdirilib.
Trend-in məlumatına görə, məhkəmə baxışında Əliyev Mais Qulu oğlu, Zeynalov Ceyhun Məşədi oğlu, Məhərrəmov Məmməd Vidadi oğlu, Qasımov Emil Əjdər oğlu, Rzayev Azad Qasım oğlu, Əhmədov Anar Ərrəhman oğlu, Şirəliyev Vüsal Rafiq oğlu şahid qismində dindiriliblər.
Şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri Mais Əliyev ifadəsində göstərib ki, 02 apreldə Bakı şəhər Baş Polis idarəsinin tədbirlər planına uyğun olaraq Səbail rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə "Ədəbiyyat" muzeyinin yaxınlığındakı ərazidə xidmətə cəlb edilib. Təxminən saat 11:00 radələrində Səbail rayon Polis İdarəsinin həyətində təlimatlandırıldıqdan sonra bir qrup şəxslər tərəfindən keçiriləcək icazəsiz aksiya zamanı ictimai qaydanın qorunmasını təmin etmək məqsədilə avtobusla təhkim olunduqları "Ədəbiyyat" muzeyin yanına gələrək xidmətə başlayıblar.
Təxminən saat 14:00 radələrində aksiya iştirakçıları şüarlar səsləndirərək ayrı-ayrı qrup halında müxtəlif istiqamətlərdən "Fəvvarələr" meydanına keçməyə cəhd edib, o, digər polis əməkdaşları ilə birlikdə canlı sədd quraraq icazəsiz mitinq keçirmək istəyənləri oraya buraxmayıb, onları dəfələrlə ictimai qaydalara riayət etməyə dəvət edib. Dağılışıb getmələrini tələb etsələr də aksiya iştirakçıları öz qanunsuz hərəkətlərini davam etdiriblər.
Polis əməkdaşları ictimai qaydanı kobud surətdə pozan aksiyanın fəal iştirakçılarını saxlayıb müvafiq tədbir görülməsi üçün yaxınlıqdakı avtobus və polis əməkdaşlarının xidməti istifadələrində olan avtomaşınlarla polis idarələrinə aparıblar. Aksiya iştirakçılarının qanunsuz hərəkətləri nəticəsində ərazidə yaşayan və dincələn vətəndaşların istirahətləri və avtomaşınların normal hərəkəti pozulub, tıxaclar yaranıb. Təxminən saat 15:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış aksiyanın fəal iştirakçıları ilə "Torqovı" adlanan ərazidən Üzeyir Hacıbəyov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişdiyi istiqamətdə hərəkət edən avtobusa həmin şəxsləri azad etmək üçün aksiya iştirakçıları tərəfindən hücum edilə biləcəyi və kömək etmək üçün tez həmin əraziyə getmələri barədə mobil rabitə, rasiya vasitəsilə göstəriş alıb, polis nəfərləri Emil Qasımov, Ceyhun Zeynalov və Məmməd Məhərrəmovla birlikdə göstərilən əraziyə gəlib. Orada təxminən 60-70 nəfər aksiya iştirakçılarının 316 saylı marşrut üzrə hərəkət edən "Shaolin " markalı 90-DX-546 dövlət qeydiyyat nişanlı avtobusun ətrafına toplaşıb müxtəlif şüarlar qışqıraraq avtobusda olan saxlanılmış şəxsləri azad etmək üçün avtobusun qapı və digər hissələrini təpiklələyirdi.
Təqsirləndirilən şəxs Sahib Kərimov avtobusa hücum edən şəxslərin arasında daha çox fəallığı ilə fərqlənib, avtobusun ətrafında toplaşmış qanunsuz aksiya iştirakçılarına avtobusda olanları azad etməyə dair göstərişlər verib, avtobusun ön şüşəsinə yumruq vurub, Arif Alışlı və Zülfüqar Eyvazov isə hadisə zamanı qeyd olunan avtobusa hucum edərək avtobusun pəncərələrini yumruqla vurub, polis əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibbi yardım göstərilməsi üçün Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.
Ceyhun Zeynalov, Məmməd Məhərrəmov, Emil Qasımov şahid qismində ifadə verərək Mais Əliyevin göstərdikləri xüsusatları təsdiq ediblər.
Şahid qismində dindirilən Ceyhun Zeynalov və Məmməd Məhərrəmov həmçinin təqsirləndirilən şəxs Elnur İsrafilovun da mitinq iştirakçıları ilə birgə avtobusun qapılarına təpiklə zərbələr vurmasını göstərib.
Şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün polis nəfəri Rzayev Azad Qasım oğlu ifadəsində göstərib ki, 2 apreldə digər polis əməkdaşları ilə birlikdə bir qrup şəxs tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan şəhər İcra hakimiyyəti ilə razılaşdırılmamış aksiya zamanı ictimai qaydanın qorunması üçün həyata keçirilən tədbirə cəlb olunub, Baş Polis İdarəsindən ayrılmış "Uaz" markaalı avtomaşında ekipaj üzvü kimi saat 12:00 radələrinə dislokasiya üzrə Səbail rayonunun "Fəvvarələr" bağı adlanan ərazisində, müəyyən olunmuş yerdə digər polis əməkdaşları ilə birlikdə xidməti vəzifələrinin icrasına başlayıblar. Saat 14:00 radələrində "Fəvvarələr" bağında fəvvarələrin ətrafında 250-300 nəfər şəxsin qrup halında ucadan qışıqra-qışqıra müxtəlif şüarlar səsləndirərək ətrafda dincələn və yaşayan şəhər sakinlərinin istirahətlərini pozduqlarını görüb aksiyanın razılaşdırılmamış olduğunu deyərək onlardan dağılmalarını tələb ediblər.
Aksiya iştirakçıları isə polislərin qanuni tələblərinə məhəl qoymaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. İcazəsiz aksiyada iştirak edib, ictimai qaydanın pozulmasında fəallıqları ilə fərqlənənlərin içərisində olan Babək Həsənovu və Elşən Həsənovu da avtomaşınla polis idarəsinə gətiriblər.
Anar Əhmədov və Vüsal Şirəliyev şahid qismində ifadə verərək Anar Rzayevin göstərdikləri xüsusatları təsdiq ediblər.
Cinayət işinin məhkəmə baxışı avqustun 5-i saat 10:30-a təxirə salınıb.
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışında şahidlər dindirilib
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışında şahidlər dindirilib.