...

Azərbaycan üçün turizm sahəsində prioritet olan ölkələrin siyahısı açıqlanıb

Cəmiyyət Materials 15 Avqust 2011 11:38 (UTC +04:00)
Azərbaycan prioritet istiqamət olaraq əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirib.
Azərbaycan üçün turizm sahəsində prioritet olan ölkələrin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan üçün turizm sahəsində prioritet olan ölkələrin siyahısı açıqlanıb.

Azərbaycan prioritet istiqamət olaraq əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, Amerika, Cənubi Asiya, Orta Şərq, Şərqi Asiya və Sakit okean turizm bazarları da ölkəmiz üçün potensial hədəflərdir. Nazirlik rəsmisi onu da bildirib ki, Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün turizm sahəsində olan Azərbaycan brendlərinin, reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Qurbanov ölkəyə turist cəlb edilməsi üçün görülən işlərdən də söz açıb.

"Ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məqsədilə nazirlik hər il dünyanın aparıcı ölkələrində 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Bundan başqa, ölkənin turizm potensialının zənginliyindən, imkanlarının genişliyindən bəhs edən 9 dildə 50-dək reklam-çap məhsulları hazırlanaraq dünyanın bir sıra böyük şəhərlərində - İstanbul, Berlin, Moskva, Pekin, Tokio, Milan, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və s. keçirilən ənənəvi beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylanır." - o əlavə edib.

O bildirib ki, Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb.

"Ölkəmizin turizm potensialına dair reklam çarxları "EuroNews", "Travel Channel", "CNN", "National Geographic", "BBC" və "CNBC" kimi dünyanın ən məşhur telekanallarında mütəmadi yayımlanır. Həmçinin, hər ilin aprel ayında Bakı şəhərində "AİTF" Beynəlxalq Turizm Sərgisi və Ümumrespublika Daxili Turizm Sərgisi keçirilir." - nazirlik rəsmisi deyib.

Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya, Avstriya, Türkiyə, Yaponiya, Misir, Mərakeş, Küveyt, Yunanıstan və s. kimi ölkələrin bir sıra turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mütəmadi olaraq info-turlar təşkil edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2011-ci il Azərbaycanda turizm ili elan olunub.

Xəbər lenti

Xəbər lenti