...

Azərbaycanda il ərzində barəsində cinayət işi başlanan bələdiyyələrin statistikası açıqlanıb

Cəmiyyət Materials 16 Avqust 2011 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu il ərzində 21 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Bu barədə çərşənbə axşamı Trend-ə məlumat verən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib ki, həmin materiallar əsasında 11 bələdiyyə barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Mərkəz rəhbərinin sözlərinə görə, bu bələdiyyələrdən bir neçəsinin işi ilə bağlı istintaq yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib.

Baş Prokurorluğa göndərilən 21 bələdiyyə barəsindəki materialların 16-sı cari ilin 6 ayında göndərilib.

Səlimzadənin sözlərinə görə, fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanmış bələdiyyələr kənd bələdiyyələrinə aiddir. Bu isə həmin bələdiyyələrin ucqarlarda yerləşməsi ilə əlaqədardır.

"Həmin bələdiyyələrin sədrləri bələdiyyə mülkiyyəti, büdcəsi ilə bağlı təkbaşına qərarlar qəbul edirlər", Səlimzadə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bələdiyyələrin fəaliyyətində səhv qərarların qəbulu, qərarların gizlədilməsi, bələdiyyə mülkiyyətindən, əmlakından istifadədə, maliyyə mənbələrinin toplanması və xərclənməsi zamanı kobud qanun pozuntuları və korrupsiya faktları müəyyən edilib.

O bildirib ki, inzibati məsuliyyət tədbirlərinin və maarifləndirmə işlərinin aparılması nəticəsində bu ilin 6 ayında inzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından, dəyişdirilib və ya ləğv edilib.

Ötən ilin müvafiq dövründə yoxlanılan bələdiyyə aktının sayı 13 mindən artıq olub.

Səlimzadənin sözlərinə görə, bələdiyyələr qəbul etdiyi qərarları 15 gün müddətində Ədliyyə Nazirliyinin regional şöbələrinə təqdim etməlidirlər.

Səlimzadə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il qəbul etdiyi qərarları Mərkəzə təqdim etməyən bələdiyyələrin sayı azalıb.

"Ötən il bu səbəbdən 457 bələdiyyə sədri barəsində inzibati protokol tərtib edilmişdirsə, bu il bu göstərici 336 olub", o deyib.

Səlimzadə bələdiyyələrə qəbul etdikləri qərarları inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etmələrini, iclasları mütəmadi olaraq keçirmələrini, qərar qəbul etmək qayda və prosedurlarına əməl etmələrini, fəaliyyətləri barəsində əhaliyə şəffaflıq prinsiplərinə uyğun olaraq hesabat vermələrini tövsiyə edib.

Onun sözlərinə görə, Mərkəz tərəfindən həyata keçirilən tədbirlər bələdiyyələrin fəaliyyətində qanunsuzluqların qarşısının alınması, qanunçuluğun və şəffaflığın qorunması, bələdiyyə mülkiyyətindən istifadədə yol verilən nöqsanların aradan qaldırılmasına yönəlib.

Bu müddətdə regionlarda 16 seminar-müşavirələr keçirilib, bələdiyyə üzvləri üçün 15 kurs təşkil edilib. Kurslara 330 bələdiyyə üzvü cəlb olunub.

Səlimzadə qeyd edib ki, vətəndaşlardan daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması, yol verilən pozuntuların aradan qaldırılması, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə bələdiyyələrə tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti