...

Bu il 10 icra məmuru cəzalandırılıb

Cəmiyyət Materials 17 Avqust 2011 17:00 (UTC +04:00)
Bu ilin birinci yarısında icra və xidmət intizamını pozduğu üçün 10 nəfər icra məmuru cəzalandırılıb.
Bu il 10 icra məmuru cəzalandırılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında icra və xidmət intizamını pozduğu üçün 10 nəfər icra məmuru cəzalandırılıb.

Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalov Trend-ə bildirib ki, bütün icra məmurlarına vətəndaşların ərizə və şikayətlərinin qəbulu, onlara baxılması, qaldırılan məsələlərin həllinə operativ və həssas yanaşılması barədə tapşırıq verilib.

"İcra sahəsində işin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi üçün görüləcək bir sıra tədbirlər müəyyən olunub. İşçilərin icra və xidmət intizamına nəzarət artırılıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayında icra və xidmət intizamını pozduğu üçün 10 əməkdaşımız cəzalandırılıb, onlardan 2-si ədliyyə orqanlarından xaric olunub, bir nəfər barəsində toplanmış materillar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Cəzalandırılan icra məmurları sırasında vəzifədən azad edilənlər və digər formalarda intizam tənbehi alanlar da olub", - Zeynalov deyib.

Baş icra məmurunun sözlərinə görə, icra məmurları vətəndaşların hüquqlarının pozulması, vətəndaşın bank vasitəsilə ödəməli olduğu ödənişin icra məmuru tərəfindən alınması, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu qaydalarının pozulması, vətəndaşlarla kobud rəftar edilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməməsi səbəbindən cəzalandırılıblar.

Zeynalovun sözlərinə görə, xidmətin yerli qurumlarına bu il 30 əlavə ştat verilib. Yaxın gələcəkdə isə 70 əlavə ştatın verilməsi nəzərdə tutulur.

Bu vakansiyalara qəbul ədliyyə orqanlarına qəbul məqsədilə elan olunacaq müsabiqə çərçivəsində həyata keçiriləcək.

Baş İdarə rəisi bildirib ki, növbəti müsabiqələrdə sənəd qəbulu da sadələşdirləcək. Artıq nazirlik tərəfindən bu barədə qərar qəbul edilib.

"İşə qəbul test, yazılı imtahan və söhbət mərhələsindən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında kurs keçəndən sonra fəaliyyətə başlayırlar", - Zeynalov deyib.

Xəbər lenti

Xəbər lenti