...

Azərbaycan Avro-2012-nin seçmə mərhələ oyunlarının hazırlığına itkilərlə başlayır

Cəmiyyət Materials 22 Avqust 2011 15:26 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Qazaxıstanla keçirəcəyi oyunlarının təlim-məşq toplanışına itkilərlə başlayır.
Azərbaycan Avro-2012-nin seçmə mərhələ oyunlarının hazırlığına itkilərlə başlayır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir M.Əliyev/

Futbol üzrə Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Qazaxıstanla keçirəcəyi oyunlarının təlim-məşq toplanışına itkilərlə başlayır.

Trend-in məlumatına görə, avqustun 10-da Makedoniya ilə oyunda zədələnən Elvin Məmmədov müalicə üçün Türkiyənin İstanbul şəhərinə göndərilib.

"Bakı" klubunun üzvü Fabio Luis Ramin də zədəli olduğu üçün millinin hazırlıq prosesinə qatılmayacaq.

Millinin toplanışına dəvət olunmuş iki futbolçu da hazırlıq prosesində iştirak etməyəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə yığması ilə qarşılaşacağına görə Araz Abdullayev U-21-in təlim-məşq toplanışına yollanıb.

"Neftçi" klubunun futbolçusu Rəşad Abdullayev isə millinin baş məşqçisi Berti Foqtsla görüşərək, yığma komandanın təlim-məşq toplanışında iştirak etmək istəmədiyini bildirib. Bunu nəzərə alan Foqts Rəşad Abdullayevin millinin heyətindən kənarlaşdırılması ilə bağlı qərar verib.

Millinin təlim-məşq toplanışında iştirakdan üzürlü səbəb olmadan imtina etmiş Rəşad Abdullayevin məsələsi "Oyunçuların Statusu və Transferi haqqında Əsasnamə"yə uyğun olaraq, AFFA-nın İntizam Komitəsində müzakirə olunacaq. Ona qarşı intizam cəza tədbiri tətbiq edilməsi gözlənilir.

Azərbaycan milli komandasının təlim-məşq toplanışı bazar ertəsindən etibarən Bakıda keçirilir.

Azərbaycan komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçikanı, sentyabrın 6-da isə Qazaxıstanı qəbul edəcək.

Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi altı oyunda bir qələbə, beş məğlubiyyətlə üç xal qazanıb. Bu nəticə ilə Azərbaycan A qrupunda altı yığma arasında beşinci yerdə qərarlaşıb.

Avropa çempionatı 2012-ci ilin yayında Ukrayna və Polşada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti