...

Orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş abituriyentlər bu gündən "İmtahana buraxılış vərəqəsi"ni ala bilərlər

Cəmiyyət Materials 24 Avqust 2011 11:16 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlər bu gündən "İmtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin vəsiqəsi"ni əldə edə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş abituriyentlər bu gündən "İmtahana buraxılış vərəqəsi"ni ala bilərlər

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlər bu gündən "İmtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin vəsiqəsi"ni əldə edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətidən çərşənbə günü Trend-ə verilən məlumata görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin vəsiqəsi"ni elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından almalıdırlar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək.

Abituriyentlər imtahana "İmtahana buraxılış vərəqəsi", şəxsiyyəti təsdiq edən sənədin əslini və "Abituriyentin vəsiqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

TQDK abituriyentlərə bir daha xəbərdarlıq edir ki, imtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, imtahan sənədləri alınacaq və onlar imtahan binasına buraxılmayacaqlar.

Azərbaycanda orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 31 251 nəfər ərizə verib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. İmtahan saat 14:00-da başlanacaq.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.

Cari tədris ili üçün 9 illik orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9 642 plan yerindən 8 449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Xəbər lenti

Xəbər lenti