Azərbaycan, Bakı, 26 avqust /Trend/
Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) təsis edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin bazasında fəaliyyət göstərən KATİ Azərbaycan üzrə tədqiqatlar üçün aparıcı elmi mərkəz olcaq.
KATİ həmçinin qarşılıqlı maraq doğuran layihələr üzrə Kanadanın və Azərbaycanın digər akademik institutları, xüsusilə, Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk Kollecinin alimləri, tələbələri ilə sıx əməkdaşlıq edərək Azərbaycan üzrə tədqiqatların aparılması və onların əlaqələndirilməsi vasitəsilə Azərbaycanın nailiyyətlərini və mədəni irsini yaymaq məqsədi daşıyır.
KATİ-nin əsas hədəflərindən biri Azərbaycan İnternet Ensiklopediyasının (ingilis dilində) yaradılması yolu ilə ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, cəmiyyəti, iqtisadiyyatı, diasporu və mədəni irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və media işçiləri üçün yüksəksəviyyəli konfrans, seminar və mühazirələr təşkil etməklə iştirakçılara Azərbaycan həqiqətlərinin özünü və cari təhlilini çatdırmaqdır.
Bundan əlavə, Azərbaycan və Azərbaycan-Kanada üzrə tədqiqatlar aparan aspirant və doktorantlar üçün təqaüdlər təsis etməklə alimlərin dəstəklənməsi, eləcə də Vaterloo Universitetinin İncəsənət fakültəsi və Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk Kolleci ilə birgə çalışaraq bu məktəblərin yüksək standartlarının Azərbaycan tarixinin və dilinin tədrisinə yönəldilməsi də KATİ-nin əsas məqsədlərindən biridir.