Azərbaycan, Bakı, 31 avqust /Trend/
Ermənistan yol polisinin rəisi, polis polkovniki Marqar Ohanyan çərşənbə axşamı vəzifə səlahiyyətlərindən sui-istifadədə, xüsusilə, iri məbləğdə əmlakın oğurlanmasında şübhəli bilinərək saxlanılıb.
KİV-in məlumatına görə, polkovnik 58 milyon dram (160 min dollar) dəyərində yanacağın mənimsənilməsində şübhəli bilinir. O, vəzifə səlahiyyətlərindən istifadə edərək ona etibar edilmiş benzinin yarısını istifadə edib, qalanını isə mənimsəyib.
Ermənistanın "Aykakan jamanak" qəzetinə polisdə olan mənbənin verdiyi məlumata görə, saxlanılan Marqar Ohanyana qarşı 7 yüksəkrütbəli polis əməkdaşı - polkovnik və polkovnik-leytenantlar ifadə verib. Bəzi məlumatlara görə, cinayət işində Marqar Ohanyanın qardaşı, Nor Norkun polis rəisi olan Muşeq Ohanyanın da adı hallanır. Şayiələr gəzir ki, dünən Ohanyan istefa ərizəsi yazmaq istəsə də, ona bunu etməyə icazə verməyiblər.
Bu günlərdə Ermənistanın polis rəisi Alik Sarkisyan bəyan edib ki, yol polisində vəzifə səlahiyyətlərindən sui-istifadənin aşkar olunması ilə əlaqədar cinayət işi qaldırılıb və əgər Marqar Ohanyanın həmin cinayətlərdən xəbəri olubsa, o, məhkəmə qarşısında cavab verəcək.