Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
"Təmiz Şəhər" ASC-nin 25-30 avqust tarixlərində Lənkəran rayonunda tələbələr üçün "Gənclər Təmizlik Naminə" şüarı altında təşkil etdiyi yay məktəbi başa çatıb. Bu barədə cümə axşamı Trend-ə "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Yay məktəbinin təşkilində əsas məqsəd gənclər üçün tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərin əldə edilməsi, dünya görüşünün genişləndirilməsi və debat vasitəsi ilə ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin, fikir mübadiləsinin aparılması imkanlarının yaradılması olub. Məktəb, həmçinin ekoloji mədəniyyətin inkişafı, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinə gənc mütəxəssisləri cəlb etmək məqsədi daşıyırdı.
Yay məktəbində iştirakla bağlı Bakı şəhərinin 18 ali məktəbində təhsil alan 140-dan çox tələbədən ərizə qəbul olunub. Bir neçə mərhələdən ibarət olan seçim turu nəticəsində 55 tələbə yay məktəbində iştirak hüququ qazanıb. Yay məktəbi çərçivəsində "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən mühazirələr oxunub, əldə olunan məlumat əsasında mərhələli debat turnirləri təşkil edilib, eyni zamanda gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intelektual oyunlar, viktorinalar təşkil edilmişdir.
2011-ci ilin Prezident İlham Əliyev tərəfindən "Turizm ili" elan edilməsi nəzərə alınaraq, "Gənclər Təmizlik Naminə" yay məktəbi çərçivəsində Lənkəran rayonu ərazisində tələbələr üçün bir neçə eko-tur təşkil edilib. Hirkan Milli Parkına təşkil edilmiş eko-tur çərçivəsində burada tələbələrin təşəbbüsü ilə iməcilik keçirilib.
"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov tədris proqramının yekunu ilə bağlı tələbələrlə keçirdiyi görüşdə dövlət tərəfindən ətraf mühitin mühafizəsi, təbiətə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınmasına yönəlmiş tədbirlər və "Təmiz Şəhər" ASC-nin fəaliyyəti haqqında məlumat verib, tələbələrə seçdikləri peşə üzrə bilik və təcrübələrinin hər zaman təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
"Təmiz Şəhər" ASC tərəfindən ekoloji yay məktəblərinin təşkili artıq ənənəyə çevrilir. Belə ki, 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Ekologiya İli" elan edilməsi ilə bağlı "Təmiz Şəhər" ASC tərəfindən "Gənclər Təmizlik Naminə" layihəsi çərçivəsində "Təmiz Şəhər Naminə" Yeniyetmələr üçün Yay Məktəbi təşkil edilib. Bu il keçirilən yay məktəbi ötən ilki layihənin davamıdır və ictimayyətdən, gənclərdən gələn sosial sifarişin nəticəsidir. "Gənclər Təmizlik Naminə" yay məktəbinin keçirilməsində təşkilati dəstək "Vətəndaş Cəmiyyətində Debat" İB tərəfindən verilib.
"Gənclər Təmizlik Naminə" tələbələr üçün yay məktəbində iştirak tam ödənişsiz şəkildə həyata keçirilib və nəqliyyat, qida, yaşayış, təlim-tədris və asudə vaxtın təşkili xərcləri "Təmiz Şəhər"ASC tərəfindən ödənilib.