...

Azərbaycanda pestisidlərin məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq

Cəmiyyət Materials 9 Sentyabr 2011 13:41 (UTC +04:00)
Azərbaycanda davamlı üzvi çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq.
Azərbaycanda pestisidlərin məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq

Azərbaycan, Qəbələ, 9 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda davamlı üzvi çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisid Forumunun yekun bəyannaməsində bildirilir.

Pestisidlərlə bağlı uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın strategiyası zəhərli kimyəvi maddə olan DDT-lərin (dixlorodifeniltrixloroetan) və PXB-lərin (polixlorbifenillər) ekoloji təmiz kənarlaşdırılması, PXB-li avadanlıqların dəyişdirilməsi, dioksin/furonların və 9 yeni DÜÇ
maddələrinin inventarlaşdırılması, kimyəvi maddələrin reyestrinin hazırlanmasını və bu prosesdə ictimaiyyətin, QHT-lərin, özəl sektorun və alimlərin fəal iştirakının təmin olunmasını nəzərdə tutur.

Bəyannamədə qeyd olunur ki, 2012-2015-ci illə ərzində Azərbaycan ərazisinin köhnəlmiş DÜÇ-pestisidlərdən tamamilə azad olunması imkanları gücləndiriləcək.

Sənəddə onu imzalayanlar Azərbaycanın yaxın 10-12 il ərzində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında DÜÇ-ün ekoloji təmiz idarə olunması sahəsində ən qabaqcıl mövqelərdən birinin tutacağı qənaətində olduqlarını vurğulayıblar.

Sentyabrın 7-9-da Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisid Forumunda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edib. Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilib.

12-ci Beynəlxalq Pestisid Forumu 2013-də Sloveniyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti