...

Azərbaycanda payız buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi tarix açıqlanıb

Cəmiyyət Materials 9 Sentyabr 2011 14:48 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün keçirilən payız buraxılış imtahanlarının nəticələri sentyabrın 10-dan sonra açıqlanacaq.
Azərbaycanda payız buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün keçirilən payız buraxılış imtahanlarının nəticələri sentyabrın 10-dan sonra açıqlanacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.

Onun sözlərinə görə, imtahanların keçirilməsinə sentyabrın 2-dən başlanılıb və imtahanlar sentyabrın 10-da bitəcək.

Hacıyeva bildirib ki, sentyabrın 10-dan, yəni bütün imtahanlar yekunlaşdıqdan sonra nəticələr rayon və şəhər təhsil şöbələrinə göndəriləcək. Şöbələr isə həmin nəticələri məktəblərə təqdim edəcəklər.

Payız imtahanlarda 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edirlər. İmtahanlar 7 bölgədə keçirilir.

Ümumilikdə payız imtahanlarında 9-cu sinfi hələ bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur. Payız imtahanında qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.

Xəbər lenti

Xəbər lenti