Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda pasiyentlər kimi, həkimlərin də hüquqlarını qoruyan normativ sənədlər olmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, həkimlərin səhvlərinə müxtəlif sahənin mütəxəssisləri qiymət verməlidirlər.
"Pasiyentlərin hüquqları haqqında" qanun layihəsi hələ ki, müzakirə olunur. Bu müzakirələr başa çatdıqdan sonra həkimlər üçün cəza tədbirlərinin necə olacağına baxılacaq. Amma bu o demək deyil ki, bu gün Səhiyyə Nazirliyi tərəfindən hansısa cəza tədbirləri görülmür. Bu gün səhiyyə sahəsində əsas prioritetlərdən biri ana və uşaq ölümünün azaldılmasıdır. Azərbaycanda hər bir ana ölümü araşdırılır. Buna görə də yaxşı nəticə əldə olunur", - Ağayev əlavə edib.
Onun sözlərinə görə, ana və uşaq ölümü halları ilə bağlı əldə edilən göstəricilər Avropanın bir çox ölkələri ilə müqayisə oluna bilər.
Nazir müavini ana ölümlərində həkim səhvlərinin olması hallarını da istisna etməyib. O bilidirib ki, belə hallarda həkimlərə qarşı müxtəlif cəza tədbirləri görülür. Ağayevin fikrincə, həkim üçün ən böyük cəza tədbiri onun işdən çıxarılması, iş yerinin dəyişdirilməsi, töhmət verilməsi, inzibati cəza tədbirlərinin görülməsidir.
Nazir müavini onu da əlavə edib ki, Azərbaycanda 100 min diri doğulmuş uşağa ana ölümü göstəricisi 15-dən bir qədər artıqdır.
"Bu il 27 ana ölümü baş verib, bu isə respublika üçün böyük göstərici deyil" nazir müavini əlavə edib.
"Hər halda bu da bizi narahat edir. Belə halların azaldılması üçün mütəmadi işlər aparılır. Ana və uşaqların sağlamlığının qorunması üçün dövlət proqramı qəbul olunub" Ağayev əlavə edib.