...

Azərbaycanda sosial-psixoloji yardımla bağlı qanunlar qəbul olunacaq

Cəmiyyət Materials 15 Sentyabr 2011 15:03 (UTC +04:00)
Azərbaycan Parlamenti gələn il "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun qəbul edəcək.
Azərbaycanda sosial-psixoloji yardımla bağlı qanunlar qəbul olunacaq

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamenti gələn il "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun qəbul edəcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Trend-ə bildirib ki, qanun layihəsinin hazırlanması istiqamətində müəyyən iş aparılır, bu sahədə dünya təcrübəsi öyrənilir.

Rəcəbli gənclərin ailə mühitinə hazırlanması, nikaha girənlərin psixoloji münasibətlərinin normallaşdırılması kimi mühüm məsələlərin qanun layihəsində əksini tapacağını qeyd edib və bildirib ki, qanunla gənc ailələr nəzarətə götürüləcək.

Layihədə gənc ailələrə sosial-maddi dəstək də nəzərdə tutulur. Rəcəblinin sözlərinə görə, nikaha girənlərdən birinin yaş həddi 35-dək olan ailələr gənc ailə hesab olunacaqlar.

Komitə sədri "Sosial xidmətlər haqqında" qanun layihəsinin Parlamentin payız sessiyasında 3-cü oxunuşa çıxarılacağını da bildirib.

Rəcəblinin sözlərinə görə, hər iki qanunda sosial-psixoloji yardım önə çəkilir.

"Sosial xidmətin sosial-psixoloji, adaptasiya, stress götürmə xidmətləri kimi növləri olacaq. Bu xidmətlərə rəsmi strukturlar deyil, ilk dəfə olaraq qeyri-hökumət təşkilatları cəlb olunacaqlar. Dünya təcrübəsində bu problemlərin həllində dinin xidmətindən istifadə olunur. Azərbaycanda da bu xidmələrin göstərilməsində dini qurumların, ictimai birliklərin iştirakını təmin etməliyik. Bu problemlərin həllində rəsmi strukturdan daha çox cəmiyyətin iştirakı vacibdir", - millət vəkili qeyd edib.

Komitə sədri adıçəkilən hər iki qanunun və qəbulu nəzərdə tutulan "Ailə həkimi haqqında" qanunun sosial-psixoloji problemlərin aradan qaldırılması istiqamətində rol oynayacağını deyib.

Onun sözlərinə görə, bu sahədə qəbul olunacaq qanunlar və qanunvericiliyə dəyişikliklər sosial sifarişdir.

Xəbər lenti

Xəbər lenti