...

Azərbaycan Təhsil Nazirliyi məktəblərdə dərslərin başlanma saatlarının fərqlənməsinə aydınlıq gətirib

Cəmiyyət Materials 16 Sentyabr 2011 14:26 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə dərslərin başlanma saatının fərqli olmasına aydınlıq gətirib.
Azərbaycan Təhsil Nazirliyi məktəblərdə dərslərin başlanma saatlarının fərqlənməsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə dərslərin başlanma saatının fərqli olmasına aydınlıq gətirib.

Hazırda Azərbaycanın ümumtəhsil müəssisələrinin bəzilərində dərslər saat 08:00-da, bəzilərində isə 08:30-da başlayır.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov cümə günü Trend-ə deyib ki, orta məktəblərdə dərslərin başlanma saatını ümumtəhsil müəssisələri özləri təyin edirlər.

Onun sözlərinə görə, dərslərin başlanma saatı ilə bağlı məktəbin Pedaqoji Şurası qərar verir. Bu zaman şagird sıxlığı əsas amil kimi götürülür.

"Nazirlik məktəblərə demir ki, dərslər saat 8-də və ya 9-da başlamalıdır. Məktəbin şəraitindən və növbəliliyindən asılı olaraq, məktəb özü bu saatı müəyyənləşdirir. Artıq bu, bir qaydadır ki, I siniflər birinci növbə oxuyurlar. Məktəblər I sinifləri ikinci növbəyə salmırlar", - Əhmədov bildirib.

Onun bildirdiyinə görə, I sinfə qəbul olunacaq şagirdlərin sayının azlığı, paralel siniflərin açılmaması, adətən, kənd məktəblərində müşahidə edilir.

Şöbə müdiri deyib ki, uşaqların sayı az olduqda da nazirlik məktəblərdə onlar üçün yeni sinif yaradır.

Əhmədovun sözlərinə görə, həm əvvəl, həm də hazırda qüvvədə olan "Təhsil haqqında" qanuna uyğun olaraq, kənd məktəblərində şagirdlərin say norması gözlənilməyə bilər.

Şagird sayı az olan ibtidai siniflərin bir-birinə yaxın yerləşən məktəblərdən birində birləşdirilməsinə gəldikdə, şöbə müdiri deyib ki, bu məsələyə çox nadir hallarda baxmaq olar.

"Əgər kənddə iki məktəb varsa, onlardan birində ibtidai sinif təşkil oluna bilər, yəni siniflərin birləşdirilmə məsələsinə baxıla bilər. Bu məsələ yalnız zəruri şərait yarandıqda mümkün ola bilər. Amma şagird sayı az olan ibtidai siniflərin birləşdirilərək onların yaxın məktəblərin birində açılması böyük fəsadlara səbəb ola bilər. Bununla valideynlər də razılaşmazlar", - Əhmədov əlavə edib.

Ümumilikdə Azərbaycanın orta məktəblərində 1 milyon 335 min şagird təhsil alır. 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 200-dən çox şagird qəbul olunub.

Xəbər lenti

Xəbər lenti