...

Xəzər suitilərinə peykdən nəzarət olunacaq

Cəmiyyət Materials 19 Sentyabr 2011 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Cəfərov/

Xəzər suitilərinə peykdən nəzarət etmək üçün onların boyunlarına xalta taxılacaq. Bu işə yaxın üç-dörd ay ərzində başlanacaq. Bunu İranın Ekologiya və təbii sərvətlərin qorunması təşkilatının Dəniz ekosistemi idarəsinin rəhbəri Ümid Sədiqi deyib. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Sədiqi deyib ki, Xəzər suitisi nəsli kəsilməkdə olan suiti növlərindəndir, bu səbəbdən də onların qorunması rəhbərlik etdiyi idarənin gündəliyindədir.

"Suitilərin boyunlarına xaltalar taxılacaq və onların üzərində kameralar quraşdırılacaq. Bununla suitilərin hərəkətlərinə nəzarət olunacaq və məlumatlar saxlanılacaq", - o deyib.

Onun sözlərinə görə, xaltaların Xəzər suitisinin boynunda qalma müddəti əvvəlcədən tənzimləcək. "Həmin müddət başa çatdıqdan sonra xaltalar öz-özünə açılacaq və suyun uzərinə qalxacaq", - Sədiqi deyib.

O əlavə edib ki, Xəzər suitilərinin boyunlarına taxılacaq xaltalar, həmçinin məlumatların peyk vasitəsilə izlənməsi və araşdırma sistemi üzrə xərclər 7-8 min dollar təşkil edir.

İdarə rəhbərinin sözlərinə görə, Xəzər suitisinin populyasiyalarının ümumi sayı 15-20 il bundan qabaq bir milyon başdan artıq idisə, bu rəqəm hazırda Xəzər dənizinin İrana aid sektorunda 100 min baş təşkil edir.

2000-ci ildən Xəzər suitiləri "zəif" növ kimi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı kitabına daxil edilib.

Xəbər lenti

Xəbər lenti