...

Azərbaycanda qanunsuz lotereya və idman mərc oyunlarını təşkil edənlərin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub

Cəmiyyət Materials 19 Sentyabr 2011 15:39 (UTC +04:00)
Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlərin və keçirənlərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.
Azərbaycanda qanunsuz lotereya və idman mərc oyunlarını təşkil edənlərin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlərin və keçirənlərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bazar ertəsi Trend-ə bildirib ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı əlavə və dəyişikliklər haqqında qanun layihəsi hazırlanıb.

Cinayət Məcəlləsinə bununla bağlı 192-1-ci maddə əlavə edilməsi təklif olunur.

Təkliflərdə göstərilir ki, lotereyanın buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsi, vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qənizadənin sözlərinə görə, qeyd olunan cinayətlər təkrar, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur.

Qumarxana təşkil etmə və ya saxlama da cinayət məsuliyyətinə səbəb olacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə 244-1-ci maddə əlavə olunması nəzərdə tutulur.

Deputat bildirib ki, qumarxana təşkil etmə və ya saxlama cinayətinə görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulacaq.

Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, lotereya və idman mərc oyunları qumar oyunlarına şamil edilmir.

Qumar oyunu dedikdə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə qanunsuz olaraq lotereyanın və idman mərc oyunlarının buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsinə görə 1500 manatdan 2 min manatadək cərimə nəzərdə tutulur.

Qumar oyunu ilə bağlı İXM-in 309-cu maddəsi də yenidən işlənib.

Qumar oyununda iştirak etmək, yəni qumar oynamağa görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaiti və ya digər əmlak müsadirə edilməklə 400-600 manat cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti