...

Almaniyadakı Azərbaycan diasporu "Qadınlar ənənə və emansipasiya arasında" adlı tədbir keçirib

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:23 (UTC +04:00)
Almaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə "Qadınlar ənənə və emansipasiya arasında" adlı tədbir keçirilib.
Almaniyadakı Azərbaycan diasporu "Qadınlar ənənə və emansipasiya arasında" adlı tədbir keçirib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Almaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə "Qadınlar ənənə və emansipasiya arasında" adlı tədbir keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Berlin-Bakı Qalereyasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ilə birgə keçirilən tədbirin qonağı azərbaycanlı yazıçı və publisist Günel Anar qızı olub.

Görüşü Berlin-Bakı Qalereyasının direktoru İbrahim Ehrari giriş sözü ilə açaraq hamını salamlayıb və Günel xanımı tədbir iştirakçılarına təqdim edib. AAKM-in icraçı direktoru xanım Samira Patzer-İsmailova tədbiri idarə edərək yüksək texniki inkişaf dövründə qadının cəmiyyətdəki yerindən və rolundan qısa söhbət açıb və Azərbaycan qadınının keçdiyi mübarizə və inkişaf yolundan danışmaq üçün sözü Günel xanıma verib.

Günel Anar qızı Azərbaycan qadınının ədəbiyyatda təsvir edilən obrazı, tarixi inkişaf dövründə bu obrazın dəyişməsi haqqında qonaqlara məlumat verib. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından və ondan əvvəlki dövrdə qadınların savadlanması, cəmiyyətdə və ailədə tutduğu mövqe barədə məruzəni tədbir iştirakçıları maraqla dinləyib və müasir Azərbaycan qadınının indiki dövrdə cəmiyyətdə tutduğu yer, Azərbaycanda qadınların peşə seçimi barədə məruzəçiyə suallar veriblər. Əsasən diskussiya şəklində keçən görüşün sonunda AAKM əməkdaşı xanım Naibə Hantel yazıçının "Ağac" adlı hekayəsindən parçalar oxuyaraq Günel xanımın əsərini alman dilində tədbir iştirakçılarına təqdim edib.

Berlin-Bakı Qalereyasının icraçı direktoru İbrahim Ehrari Azərbaycanı, Azərbaycan qadınını və ədəbiyyatını Almaniyada tanıtdığı üçün Günel xanıma təşəkkürünü bildirib.

Qonaqlar Günel xanımın kitabları və baş redaktoru olduğu jurnalllarla tanış olub və onunla söhbəti masa arxasında davam etdiriblər.

Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Evi və Baku GmbH cəmiyyətinin üzvləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və alman ictimaiyyətinin nümayəndələri, eləcə də incəsənət və ədəbiyyat sahəsinin təmsilçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti