Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakıda çərşənbə günü 2-ci beynəlxalq kitab sərgi yarmarkası öz işinə başlayıb.
Trend-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Baş nazirinin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sərgi yarmarkalar keçirilib, lakin onlardan ən əhəmiyyətlisi kitab sərgi yarmarkasıdır. "Çünki kitab olmasaydı heç bir nailiyyət əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir", - Əfəndiyev bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində bildirib ki, sentyabrın 30-da yekunlaşacaq kitab sərgi yarmarkasında 25 ölkənin nəşriyyat və poliqrafiya müəssisələri iştirak edir. Nazirin sözlərinə görə, belə yarmarka Bakıda iki ildən bir keçiriləcək, bu isə ölkədə poliqrafiya işinin təkmilləşdirilməsinə və kitabsevərlərin sayının artmasına kömək edəcək.
"Bununla yanaşı, ölkənin bir neçə regionunda da kitab sərgi yarmarkalarının keçirilməsi planlaşdırılır", - Qarayev qeyd edib.
Nazir sərginin Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirildiyini də xatırladıb.