...

Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının rəhbəri Bakıya gəlir

Cəmiyyət Materials 30 Sentyabr 2011 16:43 (UTC +04:00)
Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə universitetin "Azərbaycan tarixi" kafedrasının bir qrup tələbə və doktorantının Azərbaycana səfəri başlayır.
Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının rəhbəri Bakıya gəlir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Oktyabrın 2-dən etibarən Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə universitetin "Azərbaycan tarixi" kafedrasının bir qrup tələbə və doktorantının Azərbaycana səfəri başlayır. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə baş tutacaq səfərin əsas məqsədi Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasında təhsil alan alman tələbələri Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmaları üçün şərait yaratmaqdır.

Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrası 2010-cu ildə yaradılıb. Kafedranın fəaliyyətinin əsas istiqamətləri Azərbaycan tarixinin tədqiqi, tədrisi, ölkəmizin tarixinə dair araşdırma və digər məsələlərdə Azərbaycanın müvafiq elmi qurumları ilə əməkdaşlıq, elmi tədbirlərin keçirilməsi, Azərbaycan tarixi ilə bağlı elmi-tədqiqat işlərinə, o cümlədən diplom işlərinə və dissertasiyalara elmi rəhbərlik, qarşılıqlı olaraq tələbə, elmi işçilərin mübadiləsi, Azərbaycanın müvafiq elmi-tədqiqat qurumları ilə birgə elmi tədqiqatların aparılması, elmi nəşrlərin həyata keçirilməsi, Azərbaycan tarixinə dair kitabxananın yaradılmasıdır.

Səfər proqramına əsasən, qonaqların Bakı Dövlət Universitetində Tarix fakültəsinin professor-müəllim və tələbə heyəti, "İrəli" Gənclər İctimai Birliyinin baş ofisində tələbə və gənclər hərəkatının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Azərbaycan tarixi ilə daha yaxından tanış olamaq üçün onlar Azərbaycan Tarix Muzeyini ziyarət edəcək və şəhər gəzintisində olacaqlar.

Oktyabrın 5-dən etibarən nümayəndə heyətinin Qəbələ, Şəki, Göygöl rayonlarına və Gəncə şəhərinə səfəri gözlənilir. 9 oktyabr tarixinədək davam edəcək səfər zamanı onlar Qəbələdə qədim Alban məbədlərini, udinlərin məskunlaşdığı qədim Nic kəndini, Şəkidə Xan Sarayını, Şəki Tarix muzeyini, Göygölün almanlar tərəfindən salınan Yelenendorf qəsəbəsini ziyarət edəcəklər.

Proqrama eyni zamanda Qobustan, palçıq vulkanları, Yanar Dağ, Qala qəsəbəsində yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanışlıqlar, Nardaran Pirini, məscidi, Kirxa, Sinaqoq və Katolik kilsəsini ziyarətlər də daxil edilib.

Xəbər lenti

Xəbər lenti