...

Avropanın ən mükəmməl "Hilton" mehmanxanası Bakıda açılır

Cəmiyyət Materials 5 Oktyabr 2011 13:05
"Hilton Baku Hotel" 11 oktyabr 2011-ci il tarixində istifadəyə verilir.
Avropanın ən mükəmməl "Hilton" mehmanxanası Bakıda açılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

"Hilton Baku Hotel" 11 oktyabr 2011-ci il tarixində istifadəyə verilir.

Bu yaxınlarda "Turizm ili" çərçivəsində əlamətdar hadisələrdən biri baş tutacaq. Belə ki, üç il öncə təqribən eyni vaxtda Bakı şəhərində bir neçə mehmanxananın tikintisinə başlanılmışdı. Onlardan biri də "İSR Kapital İnvestment" şirkətinin "Hilton Baku Hotel" layihəsi idi. Artıq mehmanxana istifadəyə hazırdır. Bununla da "Hilton Baku Hotel" bu il "Turizm ili" ərzində açılacağı gözlənilən mehmanxanalar siyahısında ilk açılanlardan biri olur.

"Hilton Baku Hotel"in tikintisinə 2008-ci ildə başlanılmışdı. Mehmanxana ən yüksək texnologiyalardan istifadə edilərək tikilmiş və ağıllı idarəetmə sisteminə malikdir. Mehmanxananın işçi heyəti yerli və çoxlu sayda xarici peşəkarlardan formalaşdırılıb. Mehmanxana istifadə imkanları, xidmət keyfiyyəti və peşəkarlığı ilə Azərbaycanın qürur qaynağı olmağa iddia edir.

Bu əlamətdar açılış ilə bağlı daha geniş məlumat almaq üçün "İSR" şirkətlər qrupunun vitse-prezidenti və "İSR Kapital İnvestment" şirkətinin direktoru Zafer Tangil mövzu ilə bağlı suallara ətraflı cavab verib.

- Zafer bəy, "Hilton Baku Hotel"in açılışı ilə bağlı xəbər doğrudurmu?

- Bəli, qarşımızda duran bir çox çətinliklərə baxmayaraq, gəcə-gündüz işləyərək, 3 il əvvəl söz verdiyimiz kimi "Hilton Baku Hotel" mehmanxanasını 11 oktyabr 2011-ci il tarixində istifadəyə verəcəyik. Beləliklə, "Hilton Baku Hotel" açılması nəzərdə tutulan digər beynəlxalq mehmanxanalar siyahısında artıq irəlidədir.

- Xahiş edirəm, əvvəlcə mehmanxananın ərsəyə gəlməsinə qədər keçmiş müddətdən bəhs edərdiniz. Yəni, "Hilton Baku Hotel" mehmanxanasının tikintisi hansı mərhələlərdən keçib?

- 2007-ci ilin oktyabr ayında "İSR Kapital İnvestment" şirkəti ilə "Hilton" Mehmanxanaları Korporasiyası arasında idarəetmə müqaviləsi bağlandı. Daha sonra mehmanxananın tikildiyi yerdə mövcud olmuş, xalq arasında daha çox "İnturist" mehmanxanası kimi tanınmış köhnə "Azərbaycan" mehmanxanasının sökülməsinə başlanıldı. Söküntü işləri ilə bərabər "Hilton" Mehmanxanaları Korporasiyası ilə birgə mehmanxananın dizayn layihəsini işlədik. Eyni zamanda tikinti üçün tələb olunan maliyyə vəsaiti təmin edildi. "Yapı Kredi Bank Azərbaycan" ölkənin gələcəyinə olan inamını nümayiş etdirərək "İSR Kapital İnvestment" şirkətinə 86 milyon ABŞ dolları məbləğində kredit ayırdı. Yeri düşmüşkən, qeyd edim ki, bu maliyyələşdirmə Azərbaycanda kommersiya bankları tərəfindən özəl sektora verilmiş ən uzunmüddətli kreditlərdən biri kimi tarixə düşüb. 2008-ci ilin oktyabr ayında "Koray" inşaat şirkəti mehmanxananın tikintisinə başladı. Nəhayət, düz 3 ildən sonra inşaat işləri başa çatdı. Qeyd etdiyim kimi, artıq "Hilton Baku Hotel" istifadəyə hazırdır.

- Zafer bəy, ilin sonuna qədər Bakıda bir neçə mehmanxananın açılması planlaşdırılır. "Hilton Baku Hotel"i digərlərindən fərqləndirən üstün tərəfləri nədədir?

- Bəli, yaxın günlərdə bir neçə mehmanxananın açılacağı gözlənilir. Fəqət, bunun bizə təsir etməyəcəyini fikirləşirik. Çünki, "Hilton Baku Hotel" bir çox bənzərsiz xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Qeyd edim ki, "Hilton Baku Hotel" həm imkanlarına, həm də texnologiyasına görə Avropada ən mükəmməl "Hilton" mehmanxanasıdır.

Əsas üstünlüklərimizdən biri "Hilton Baku Hotel" mehmanxanasının şəhərin tam mərkəzində, Bakının incisi olan Dənizkənarı Bulvarın kənarında yerləşməsidir. Mərkəzdə olmaqla bərabər, iş, ticarət, əyləncə və gəzinti məkanlarına da yaxın mövqedəyik. Xəzər dənizinə baxan mehmanxanamızın möhtəşəm mənzərəsinə də söz ola bilməz. Bakının panoraması ilə otelin xarici və daxili görünüşü ahəngdar şəkildə qurulub. Həmçinin mehmanxana əvvəlki Azərbaycan mehmanxanası binasının görkəminə uyğun dizayn edilib.

25 mərtəbədən və 309 otaqdan ibarət olan "Hilton Baku Hotel" mehmanxana xidmətindən başqa 4 restoranı, 3 barı, yığıncaq və sərgi salonları, biri 750 nəfərlik olmaqla 5 ədəd banket zalı və dünyada məhşur olan "Eforea" sağlamlıq mərkəzi ilə xidmət göstərəcəkdir. Həmçinin mehmanxanamızın məhşurluğu və bənzərsiz xidmətləri səbəbindən həmin binadakı mənzillərin də çoxu satılıb.

"Hilton Baku Hotel"in 25-ci mərtəbəsi mehmanxananın ən cazibədar məkanıdır. "Roof Bar"-ın fəaliyyət göstərəcəyi bu məkanın ən böyük xüsusiyyəti mərtəbənin döşəməsinin gün boyunca 360 dərəcə dönərək qonaqlara Bakının panoramasını izləmələrinə imkan verməsidir.

"Hilton" mehmanxanalarının dünya üzrə təklif etdiyi xidmətlərin keyfiyyəti çoxuna yaxşı məlumdur. "Hilton Baku Hotel" də bütün qonaqlarına həmin yüksək keyfiyyəti verərək, turizm və mehmanxana sahəsində ən vacib amil olan "Müştəri məmnuniyyətinə" nail olacaq.

- Siz artıq neçə ildir Bakıdasınız. "İSR" şirkətlər qrupunun vitse-prezidenti olaraq bir çox vacib və uğurlu layihələri həyata keçirmisiniz. Digərlərinə baxanda "Hilton Baku Hotel" barədə nə demək istəyərdiniz?

- 1995-ci ildə "İSR" şirkətlər qrupu fəaliyyətə başladığı gündən etibarən onun layihələrinin həyata keçirilməsinə başçılıq etməkdəyəm. Bu layihələr arasında "İSR Plaza", "Park İnn Hotel", "Radisson Hotel", "Nərgiz Ticarət Mərkəzi" və bunun kimi bir neçə layihənin tikilməsindən idarə edilməsinə qədər hər mərhələsində böyük rolum olub. Hələlik son layihəmiz olan "Hilton Baku Hotel"i bundan əvvəlki layihələrimizin başına bir tac qoymaq kimi görürəm.

- Siz "Hilton Baku Hotel" mehmanxanasının istifadəyə verilməsini Azərbaycana gələcək turistlərin sayının artmasına təsiri baxımından necə şərh edərdiniz?

-"Hilton Baku Hotel" mehmanxanasının fəaliyyət göstərməsinin Azərbaycan iqtisadiyyatına xeyli kömək edəcəyinə və ölkəyə gələn turistlərin sayının artmasına şərait yaradacağına əminəm. Xüsusilə, ABŞ, Yaponiya və Avropa ölkələrindən olan turistlərin tanımadıqları ölkələrə gedəcəkləri zaman qalacaqları otellərdə xoşagəlməz hallarla qarşılaşmamaq üçün dünya miqyasında tanınan marka otelləri seçirlər. Həmin turistlərin çoxu gedəcəkləri ölkədə "Hilton" mehmanxanasının olmasını çox arzu edirlər, hətta elə turistlər vardır ki, onlar yalnız "Hilton" mehmanxanasıda qalmaq istəyirlər. Həmçinin, bir çox təşkilatlar və insanlar təntənəli mərasimlərini "Hilton" mehmanxanasında keçirməyə üstünlük verirlər. Bu baxımdan hesab edirəm ki, "Hilton" mehmanxanasının istifadəyə verilməsi Azərbaycanın turizm və mehmanxana sahəsində yeni səhifə açacaq və daha tələbkar turistlərin ölkəyə cəlb edilməsinə böyük töhfə verəcəkdir.

- Zafer bəy, gələcəkdə də "İSR" şirkətlər qrupu turizm sahəsinə sərmayələrini qoymaq niyyətindədirmi?

- 1995-ci ildən fəaliyyət göstərən və turizm sahəsində uğurlu layihələri ilə tanınan "İSR" şirkətlər qrupu fəaliyyət dairəsini davamlı olaraq genişləndirir. Bakıdakı 3 mehmanxanadan başqa, "İSR" şirkətlər qrupu bu yaxınlarda Türkiyədə 2 mehmanxana əldə edərək idarə etdiyi mehmanxanaların sayını 5-ə çatdırıb. Alınmış mehmanxanalardan biri Türkiyənin yay cənnəti sayılan Bodrum şəhərinin ən böyük turizm təsislərindən biridir, digəri də Türkiyənin ilk 7 ulduzlu mehmanxanasıdır. Ümumiyyətlə, Bakı şəhərinin mərkəzində biznes mərkəzlərinin, yaşayış komplekslərinin və mehmanxanaların tikilməsi "İSR" şirkətlər qrupunun perspektiv planında əsas yer tutur. Hazırda "İSR" şirkətlər qrupu Azərbaycanda və Türkiyə ərazisində turizm məkanları və sərmayə imkanları ilə maraqlanmaqdadır. Diqqətimizi cəlb edən yerlər və layihələr olarsa bu sahəyə sərmayə qoymaqdan çəkinməyəcəyik.

- Bir iş adamı kimi Azərbaycanda biznes mühitini və turizmin gələcəyini necə görürsünüz?

- Azərbaycanda çalışdığım 16 illik biznes həyatımda hər gün müsbət istiqamətdə böyük dəyişikliklərin baş verdiyini müşahidə edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sahəsinə göstərdiyi qayğı, xüsusilə turizm sahəsinin inkişafı üçün qəbul edilmiş dövlət proqramları gələcəkdə Azərbaycanı önəmli bir turizm mərkəzinə çevirəcəkdir. Əlverişli iş mühitindən faydalanan iş adamları Azərbaycanda yeni mehmanxanalar tikirlər. Turizmlə bağlı infrastrukturun inkişaf etməsi, yeni mehmanxana, restoran, əyləncə və istirahət mərkəzlərinin açılması paytaxt Bakıya səfər təşkil edən hava yollarının da sayını gündən-günə artırmaqdadır. Mən əminəm ki, turizm sahəsinin inkişaf etməsi Azərbaycanın sosial, tarixi və mədəni zənginliklərinin dünya tərəfindən kəşf edilməsinə imkan yaradacaqdır.

- Müsahibəmizin sonunda oxucularımızın daha yaxından tanış olmaları üçün "İSR Kapital İnvestment" şirkətinin də daxil olduğu "İSR" şirkətlər qrupu haqqında məlumat verərdiniz.

- "İSR" şirkətlər qrupu 15 ildir ki, fəaliyyət göstərir. Qrupun təsisçisi və Prezidenti yerli və xarici bazarlarda biznesin müxtəlif sahələrində böyük sahibkarlıq fəaliyyəti təcrübəsinə malik olan cənab İsgəndər Xəlilovdur. Şirkətlər qrupuna istehsal, xidmət, ticarət və nəqliyyat sektorlarını təmsil edən 20-yə yaxın şirkət daxildir. Bunlardan "Bakı Əyləncə Mərkəzi"nin, "Nərgiz Ticarət Mərkəzi"nin, Tayota Bakı Mərkəzinin, "İSR Residence-I" və "İSR Residence- II" elit yaşayış komplekslərinin, Bakı Avtomobil Bazarının, "Azər-Yod" yod-brom zavodunun, "Park İnn Azərbaycan Hotel"nin, "ISR Plaza"nın, "Radisson Hotel"in və 11 oktyabrda istifadəyə veriləcək "Hilton Baku Hotel" mehmanxanasının adlarını çəkə bilərəm. Şirkətlər qrupu hazırda 1000-dən artıq insana işləmək imkanı yaratmışdır. Qrupa daxil olan şirkətlər daima Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan iri sərmayə qoyuluşlarını həyata keçirirlər. "İSR" şirkətlər qrupunun müəssisələri ölkənin özəl sektorunda iri vergi ödəyiciləridir.

Xəbər lenti

Xəbər lenti