...

Türkiyənin "EkoAvrasya" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı nəşr edilib

Cəmiyyət Materials 13 Oktyabr 2011 18:31 (UTC +04:00)
Türkiyənin nüfuzlu "EkoAvrasya" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.
Türkiyənin "EkoAvrasya" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı nəşr edilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir B.Hacıyev/

Türkiyənin nüfuzlu "EkoAvrasya" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, üz qabığında jurnalın bu sayının xüsusi olaraq Azərbaycana həsr olunduğu barədə qeyd, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III Qurultayında nitq söyləyərkən çəkilən fotoşəkli verilib.

Jurnalda Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, xarici siyasəti, Azərbaycanın Qafqazdakı geosiyasi rolu, Azərbaycan və Türkiyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair məqalələr dərc olunub. Jurnalda Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi toxunulub və bu münasibətlərin iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişi ilə daha yüksək səviyyəyə çatdığı qeyd olunub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərinə həsr olunmuş məqalədə Türkiyənin bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın yanında olacağı, terrora qarşı birgə apardıqları mübarizənin davam etdiriləcəyi fikri əks olunub.

Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayına dair məqalədə Azərbaycanın dövlət başçısı İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Azərbaycan Prezidentinin Qurultaydakı nitqi ilə yanaşı, məqalədə müxtəlif ölkələrin Qurultayın işində iştirak edən hökumət və parlament nümayəndələrinin fikirlərinə də geniş yer verilib. Məqalədə Qurultayın qəbul etdiyi qərarlar, diaspor quruculuğundakı xidmətlərinə görə orden və medallarla təltif olunmuş bir sıra diaspor fəallarının adları qeyd olunub.

Jurnal Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada Kreml sarayında keçirilmiş "Azərbaycan gecəsi" haqqında məqalə dərc edib. Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedevanın iştirak etdikləri tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirdiyini, Azərbaycanın Şərq dünyasında ilk parlament respublikası olduğunu, Şərqdə ilk opera və baletin Azərbaycanda tamaşaya qoyulduğunu qeyd edərək ölkəmizin əldə etdiyi nailiyyətlərlə qürur duyduğunu vurğulaması məqalədə xüsusi qeyd olunub. Jurnalda həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Ətraf Mühitin Mühafizəsi fəaliyyəti üzrə Beynəlxalq Dialoq" kampaniyasının təsisçisi Leyla Əliyevanın Böyük Britaniyanın nüfuzlu "Haffinqton post" qəzetində dərc olunmuş "Yaşıl gündəlik: Sərhədləri aşaraq" başlıqlı məqaləsinə dair də material dərc edilib.

Jurnalda Azərbaycanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsində qələbəsinə həsr olunmuş məqalə də yer alıb. "EkoAvrasya" jurnalında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bəyan etdiyi "Dünyadakı bütün diaspor təşkilatlarımız azərbaycanlıların rifahı üçün çalışmaqdadır" ifadəsi başlığa çıxarılan məqalədə yer alıb. Məqalədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatların sayının 416-ya çatdığı, onların hər keçən gün daha da gücləndiyi və məskunlaşdıqları ölkələrin cəmiyyətinə təsir imkanlarının genişləndiyi qeyd edilib. Diasporla İş üzrə dövlət Komitəsinin sədri Nazim İbrahimov diaspor quruculuğu prosesinə Heydər Əliyev Fondunun töhfəsinin əvəzsiz olduğunu qeyd edib və "Xocalıya ədalət" kampaniyasının Azərbaycan diasporunun ən böyük uğurlarından biri olduğunu vurğulayıb. Məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Azərbaycan lobbisi artıq utopiya deyil. Çox yaxın zamanda biz hamımız güclü Azərbaycan lobbisinin fəaliyyətini hiss edəcəyik" fikri ilə tamamlanıb.

"EkoAvrasya" jurnalının təsisçisi Avrasiya İqtisadi Sosial Əlaqələr Dərnəyidir. Rübdə 1 dəfə nəşr olunan jurnal dünyanın 10-dan artıq ölkəsində pulsuz yayımlanır.

Xəbər lenti

Xəbər lenti