Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Diabet Fondu tərəfindən təsdiqlənən "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində üç hədəf qrupu üzrə 2520 insan üçün diabetlə bağlı biliklərinin artırılması məqsədilə 1680 təlim keçiriləcək.
İSİM-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, biliklərin artırılması məqsədilə ümumilikdə 70 təlim 105 həkim üçün, 140 təlim 210 tibb bacısı üçün, 770 təlim 1155 diabetli xəstə üçün, 700 təlim 1050 risk qrupuna aid olan insan üçün keçiriləcək.
Artıq ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərin keçirilməsinə başlanılıb.
Noyabrın 4-nə kimi davam edəcək təlimləri İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar və tibb bacıları aparırlar.
Növbəti mərhələdə diabetli xəstələrə və risk qrupuna aid əhaliyə təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılmasıdır.
Təlimlərlə yanaşı, maarifləndirmə məqsədilə buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi hazırlanacaq.
Beynəlxalq Diabet Federasiyası şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet kimi qəbul edilməsini təkidlə tövsiyə edir.
Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna "Diabet Məktəblərinin təşkili" layihəsi ilə müraciət edib. Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır.
Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılıb.