Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Macarıstandakı səfirliyində "Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə" mövzusunda "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, bu barədə səfirlikdən cümə günü bildirilib.
Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan Parlamentində təmsil olunmuş Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı və macar tələbələr iştirak ediblər.
İştirakçılar qarşısında çıxış edən səfir Vilayət Quliyev 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu bildirib, ölkənin inkişafı, stabil və dinamik inkişaf edən dövlət quruculuğu yolunda Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə qazanılmış uğurlar haqqında ətraflı danışıb.
Səfirliyin müşaviri Anar İmanov çıxışında regional təhlükəsizlik məsələlərinə toxunub, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev "Azərbaycan Respublikasının gənclər siyasəti" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir iki ölkə gəncləri arasında fəal fikir mübadiləsi ilə davam etdirilib.