...

Azərbaycanda ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin hansı formada rəsmiləşdirilməsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 27 Oktyabr 2011 16:09 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin hansı formada rəsmiləşdirilməsinə aydınlıq gətirib.
Azərbaycanda ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin hansı formada rəsmiləşdirilməsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin hansı formada rəsmiləşdirilməsinə aydınlıq gətirib.

Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə axşamı Trend-ə bildirib ki, işəgötürən ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF vasitəsilə rəsmiləşdirir. Bunun üçün işəgötürən işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra 1 ay ərzində işçinin ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına təqdim etməlidir.

Ümumi qaydalara əsasən, ərizələr sığortaolunan, yəni işçi tərəfindən doldurulmalıdır. Lakin ərizə müəssisənin kadrlar şöbəsi və ya digər məsul şəxsləri tərəfindən də doldurula bilər. Qeyd olunan sənədləri təhvil aldıqdan sonra DSMF sığortaolunanın adına sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır və sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Rəsmiləşdirilmiş sosial sığorta şəhadətnamələri müşayiətedici cədvəllərlə birlikdə işəgötürənə təhvil verilir.

Sosial sığorta şəhadətnamələrini təhvil alan işəgötürən onları, aldığı gündən sonrakı 15 gün ərzində işçiyə müşayiətedici cədvəldə imza etdirməklə təhvil verməlidir.

Babayev deyib ki, respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılıdır. Bununla bağlı işləyənlər işəğötürənlərlə əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar.

Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə DSMF hər bir işçini (sığortaolunanı) fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.

Xəbər lenti

Xəbər lenti