Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir B.Hacıyev/
Azərbaycan ombudsmanı Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasına baş çəkib.
Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Süleymanova bu təcridxanada bir sıra saxlanılan şəxsi, o cümlədən uşaqları qəbul edib, təkbətək söhbət aparıb, onlara hüquqlarını izah edib.
Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
Eyni zamanda, tutularkən Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdərəsində (RPİ) və Şəmkir RPŞ-də baş vermiş kobud rəftardan, habelə barələrində aparılan istintaqdan narazılığını bildirən olub.
Ombudsman Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə görüşüb, müvəkkilin Gəncə regional mərkəzinin nümayəndələrinin polis əməkdaşları ilə birgə qeyd olunan məsələni araşdırmasını tapşırıb.
Müvəkkil, həmçinin Gəncə və Şəki regional mərkəzlərinin əməkdaşları ilə birgə müvafiq olaraq, Gəncə şəhər Baş Polis İdarəsi və Şəki RPŞ-nin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib.
Baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Habelə, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.
Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.