...

Azərbaycanda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir

Cəmiyyət Materials 2 Noyabr 2011 17:30 (UTC +04:00)
"Xəzər: Ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi ("CTE-2011") öz işinə başlayıb.
Azərbaycanda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: Ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi ("CTE-2011") öz işinə başlayıb.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbir olan bu sərgidə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. Sərginin keçirilməsində əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.

"CTE-2011" beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri var. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da iştirak edir.

Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilir.

"CTE-2011" sərgisi çərçivəsində noyabrın 3-də "Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları" mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.

Sərgi noyabrın 4-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti