...

Koray Tarqay: Xəzəryanı ölkələr təkbaşına texnogen qəzanı aradan qaldırmağa hazır deyil

Cəmiyyət Materials 3 Noyabr 2011 12:14 (UTC +04:00)
Xəzəryanı ölkələr təkbaşına Xəzərdə baş verəcək texnogen qəzanı aradan qaldırmağa hazır deyil. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.
Koray Tarqay: Xəzəryanı ölkələr təkbaşına texnogen qəzanı aradan qaldırmağa hazır deyil

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Xəzəryanı ölkələr təkbaşına Xəzərdə baş verəcək texnogen qəzanı aradan qaldırmağa hazır deyil. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.

Tarqay hesab edir ki, Xəzərdə texnogen qəzanı yalnız Xəzəryanı ölkələr birgə əməkdaşlıqla aradan qaldıra bilər.

Onun sözlərinə görə, bu qəzanın nəticələri bütün Xəzəryanı ölkələrə eyni cür təsir göstərər. ATƏT rəsmisi bildirib ki, bu problemlərdə tək dövlətlər deyil, neft şirkətləri də məsuliyyət daşımalıdırlar.

"Keçən il Meksika körfəzində baş verən neft dağılmasının öhdəsindən ABŞ təkbaşına gələ bilmədi", - Tarqay deyib.

O bildirib ki, ATƏT bununla bağlı yeni layihələr həyata keçirəcək.

"Bakıda keçirilən toplantının bütün Xəzəryanı ölkələrin iştirakı ilə daha geniş formatda təşkil edilməsini planlaşdırırıq", - Tarqay əlavə edib.

Bakıda cümə axşamı Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ATƏT-in Bakı ofisi tərəfindən təşkil edilmiş "Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər" mövzusunda konfransın açılışı keçirilib.

Açılışdan sonra seminar 3 sessiya üzrə davam edəcək.

Bunlar "Azərbaycanda neft dağılmasına qarşı hazırlığın təmin edilməsi planının statusu", "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) milli səviyyədə icrasının hazırkı statusu, dəniz təhlükəsizliyi və dəniz mühitinin qorunması sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi" və "Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər"dir.

Tədbirdə FHN, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkətinin nümayəndələri və bir sıra beynəlxalq ekspertlər iştirak edirlər.

Azərbaycan neftlə çirklənmə hallarına qarşı hazırlığın təmin edilməsi, belə hallarla mübarizə və əməkdaşlıq haqqında Beynəlxalq Konvensiyaya qoşulub. Bundan başqa, Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər dənizində neftlə çirklənmə hallarına qarşı regional əməkdaşlığa dair Protokol imzalayıb.

Xəbər lenti

Xəbər lenti