...

Qubada ahılların hüquqları ilə bağlı konfrans keçirilib

Cəmiyyət Materials 4 Noyabr 2011 18:46 (UTC +04:00)
Elmira Süleymanova BMT-nin Əhali Fondu ilə birlikdə Qubada BMT Baş Məclisinin Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10-cu ildönümü və 7 milyardıncı insanın dünyaya gəlməsi münasibətilə konfrans keçirib
Qubada ahılların  hüquqları ilə bağlı konfrans keçirilib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin Əhali Fondu ilə birlikdə Qubada BMT Baş Məclisinin Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10-cu ildönümü və 7 milyardıncı insanın dünyaya gəlməsi münasibətilə konfrans keçirib. "Əhalinin yaşlanması: ahılların potensialından istifadə olunmasının əhəmiyyəti" mövzusunda keçirilən konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, QHT-lərin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Süleymanova və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev giriş sözü ilə çıxış edib, tədbirin məqsəd və məramını açıqlayıblar.

Müvəkkil qeyd edib ki, insanların sayı bütün dünyada artmaqdadır və həmin proses ölkəmizdə də müşahidə olunur. Bu, bir sıra problemlər yaradır, əlavə dövlət vəsaitləri və sosial infrastrukturda böyük dəyişikliklər tələb edir. Müvəkkil bu məsələlərin müzakirə olunaraq geniş ictimaiyyətə çatdırılmasına ehtiyac olduğunu, ahıllara, onların problemlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Tədbir iştirakçıları dövlətimizin tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrə və Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planına uyğun olaraq ahıllara diqqəti daha da artırmaq çağırışına həvəslə qoşulacaqlarını bildiriblər.

Tədbir iştirakçıları "Ahıllıq cəmiyyətin gözü ilə"mövzusunda uşaq rəsmləri və fotoşəkillərdən ibarət sərgiyə maraqla tamaşa etmişlər. İştirakçılara ombudsman təsisatında hazırlanmış "Dünya əhalisi yaşlaşır" adlı maarifləndirici lifletlər paylanıb.

Xəbər lenti

Xəbər lenti