Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/
Noyabrın 18-də Səbayel Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə "Yeni Müsavat" qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasına dair məhkəmə prosesi keçirilib. Bu barədə şənbə günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Yeni Müsavat" qəzeti 15 sentyabr 2011-ci il tarixində Türkiyənin Bakıdakı səfirliyinin "Anadolu" xəbər agentliyinə verdiyi və rəsmi şəkildə Müdafiə Nazirliyinə göndərdiyi faksın nazirlik tərəfindən uydurulduğunu və mətbuata ötürüldüyünü iddia edirdi.
Hansı ki, sentyabrın 15-də Türkiyə səfirliyindən daxil olan məlumat Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən olduğu kimi və üstəlik faksın fotosu ilə birgə kütləvi informasiya vasitələrinə göndərilib.
Buna baxmayaraq Müdafiə Nazirliyi faksın həqiqətən Türkiyə səfirliyinin mətbuat xidməti vasitəsi ilə göndərildiyini təsdiq edən arayışı 14 noyabr 2011-ci il tarixində yenidən diplomatik korpusdan alaraq məhkəməyə təqdim edib.
Səbayel Rayon Məhkəməsi "Yeni Müsavat" qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasını təmin etməyib.