...

Azərbaycanda "Eurovision 2012" müsabiqəsi ilə əlaqədar xüsusi tur-paketlər hazırlanacaq

Cəmiyyət Materials 22 Noyabr 2011 11:51 (UTC +04:00)
Hazırda Azərbaycan Turizm Assosiasiyası ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalarla birgə gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün xüsusi tur-paketlərin formalaşdırılması üzərində iş aparır.
Azərbaycanda "Eurovision 2012" müsabiqəsi ilə əlaqədar xüsusi tur-paketlər hazırlanacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycan Turizm Assosiasiyası ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalarla birgə gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün xüsusi tur-paketlərin formalaşdırılması üzərində iş aparır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, hazırda "Eurovison 2012" ərəfəsində ölkəyə gələcək turistlərin sayı müəyyən olunur. Bu saya müvafiq olaraq, xüsusi tur-paketlər hazırlanacaq.

"Orada bütün xidmətlər - Azərbaycan hava limanında qarşılanmadan yola salınmasına qədər xidmətlər bir paket çərçivəsində təqdim olunacaq. Bu xidmətlərin təşkili üçün həm mehmanxanalar, həm restoranlar, həm də nəqliyyat vasitələrinin rəhbərləri ilə danışıqlar gedir. Bununla yanaşı, təklif olunacaq tur-paketlərə şouya olan biletlərin də daxil olunması üçün işlər aparılır", - nazir qeyd edib.

Qarayevin sözlərinə görə, "Eurovision 2012" mahnı müsabiqəsi üçün turistlərə təklif olunacaq tur-paketlər hazır olduqdan sonra - gələn ildən etibarən Azərbaycan Turizm Assosiasiyası internet vasitəsilə bu barədə geniş məlumat verəcək.

"Mən bu işdə hələlik böyük problem görmürəm. Mən buna böyük marağı - bütün mehmanxana və turizm şirkətləri tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün var qüvvə ilə çalışmalarını görürəm. İnanıram ki, belə də olacaq", - Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti