Arzu Nağıyev, Trend-in eksperti
Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.
Ölkəmiz üçün bu təhdid əsasən ərazilərimizin işğal altında olmasından və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə - milli və beynəlxalq yurisdiksiyadan kənar "boz zonalar"da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikası tərəfindən dəfələrlə bəyanatlar səsləndirilmişdir.
Narkotik istifadəçilərinin təsnifatına nəzər salaq.
Məlumdur ki, heç kəs birdən-birə narkoman olmur. Hər şey narkotik qəbul edən şəxsin fərdi xüsusiyyətlərindən asılıdır. Bəzi hallarda təbii və kimyəvi preparatlara öyrəşmə birinci dəfədən başlayır, digər hallarda isə bunun üçün həftələr, aylar, hətta illər tələb olunur. Müşahidələr nəticəsində narkotik qəbul edən şəxsləri beş şərti qrupa bölmək olar:
Təcrübə, eksperiment edənlər - beş qrupun içində ən geniş yayılandır. Bu qrupa aid olanlar bir dəfə istifadə etdikdən sonra adətən bu fəlakətli, zərərli məşğuliyyətə bir daha qayıtmırlar.
Epizodik istifadəçilər qrupuna əsasən yaranmış şəraitə uyğun olaraq narkotik qəbul edən şəxslər aiddirlər. Bəzən müəyyən yığıncaqda cavan bir oğlan "ağ qarğa" olmaqdan qorxaraq cürətlə, cəsarətlə köynəyinin golunu çirmələyib heroini damarına vurmağa hazır olduğunu bildirir. Digər şəraitlərdə bu şəxslər narkotik qəbul etmirlər.
Müntəzəm istifadəçilər qrupu adətən narkotikləri müəyyən sxem üzrə qəbul edirlər. Məsələn öz ad günlərində, işdə müəyyən nailiyyət əldə edəndə, rübdə bir dəfə və s.. Bu özünü aldatma, xam xəyal, qəbul edilən narkotikin psixi və fizioloji cəhətdən mənfi nəticə verməyəcini düşünmək kimi sadəlövlük olardı.
Daimi istifadəçilər qrupu isə ardıcıl surətdə ilk üç qrupdan yaranırlar. Çox vaxt narkotiklərdən psixoloji asılı olsalar da, artıq narkotiki müəyyən "əlamətdar hadisələrdə" deyil, vərdiş yarandığı üçün qəbul edirlər.
Sonuncu xəstə narkomanlar qrupu - həkim göstərişi olmadan narkotiklərin qəbulunun qanunauyğun nəticəsi. Bu qrupa daxil olanlar narkotiklərdən tək psixoloji deyil, həm də fiziki asılı olurlar.
İlk dörd qrupa qarşı əsasən tərbiyəvi tədbirlər həyata keçirməklə təsir etməyin yolları olsa da, beşinci qrupun həqiqətən ixtisaslaşdırılmış müalicə ilə bərabər, sosial bəraətə və təmiz adını bərpa etməyə də cox böyük ehtiyacı var.
Son dövrlər respublikanın hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi daha da gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində (o cümlədən tərəfdaşlarla keçirilmiş birgə tədbirlər nəticəsində, beynəlxalq nəzarətli göndərişlər və s.) son 5 il ərzində ölkə ərazisindən tranzit daşınması planlaşdırılan və ya istifadə üçün nəzərdə tutulmuş 6 tona yaxın müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək, sintetik tərkibli narkotiklər, metamfetamin və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.
Məlumdur ki, Azərbaycana narkotik vasitələrin gətirilməsi əsasən İran vasitəsilə həyata keçirirlir. BMT-nin narkotiklərlə mübarizə idarəsinin (UNODC) rəyinə əsasən, narkotiklərin yayılması və tranzitinin başlıca səbəbkarı İİR və Əfqanıstanda korrupsiyanın dəhşətli həddə çatmasıdır.
Narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığın qarşısının alınması və narkomaniyanın profilaktikası məqsədilə respublikanın hüquq mühafizə, təhsil və səhiyyə müəssisələrinin mütəxəssisləri, beynəlxalq qurumlar tərəfindən müxtəlif təkliflər irəli sürülür.
Respublikada narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ali və orta ixtisas təhsili müəssisələrində maarifləndirmə və təbliğat işlərinin daha intesiv aparılması irəli sürülən təkliflərdən biridir. Eyni zamanda, səslənən təkliflər arasında uşaqlar, yeniyetmələr, valideynlər, müəllimlər üçün narkotiklərin zərəri, sağlam həyat tərzinin xeyiri, sağlam mənəvi-psixoloji şəraitin yaradılması, boş vaxtın səmərəli təşkili və istifadəsi haqqında sadə, peşəkar məlumatların verilməsi də var. Bundan əlavə, ölkənin cənub regionunda ictimai maarifləndirmə və anonim müalicə reabilitasiya üzrə müəssisələrin yaradılması da təkliflər sırasındadır.
Respublikanın müxtəlif rayonlarında, əsasən cənub regionunda sağlamlıq klublarının, idman zallarının, iş yerlərinin açılması, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi istifadəsi, narkomanlığın profilaktikası və narkomaniya problemi ilə bağlı layihələr həyata keçirən QHT Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi, ölkədə fəaliyyət göstərən narkomanlıqdan müalicə reabilitasiya müəssisələri və dispanserlərdə baş verən neqativ halların qarşısının alınması, antinarkotizmə dair Azərbaycan Respublikasının qanunvericiliyinin daha da təkmilləşdirərək BMT-nin bu sahədə qəbul etdiyi konvensiyaların müddəalarına uyğunlaşdırılması təklifləri də maraq doğuran məsələlərdəndir.
Digər maraq doğuran təklif isə orta və ali məktəblərdə narkotiklərin yayılmasının qarşısının alınmasında aparılan maarifləndirmə və təbliğat işlərinə yaxından dəstək verərək polis və təhsil işçilərinin bu sahədə fəaliyyətlərinin və məsuliyyətlərinin daha da gücləndirilməsidir.
Narkotik vasitələrin respublikaya əsasən İran İslam Respublikasından daxil olduğunu və din pərdəsi altında müxtəlif təbliğat formalarından istifadə edərək narkokuryerlərin cəlb edilməsini nəzərə alaraq, Astara, Yardımlı, Cəlilabad istiqamətlərində sərhədin texniki qurğularının yeniləşdirilməsi və gömrük-keçid məntəqələrinin işinin daha da təkmilləşdirilməsi, hava limanında fəaliyyət göstərən hüquq-mühafizə orqanları arasında əməkdaşlığı möhkəmləndirmək, narkotiklərlə bağlı məlumatların birgə işlənilməsinin, ötürülməsinin təşkilini nəzərdən keçirmək, həmçinin bu istiqamətdə mübarizə metodlarının qarşılıqlı əməkdaşlıq şəraitində nəzərdən keçirilməsi, Bakı Beynəlxalq Dəniz Limanında yerləşən hüquq-mühafizə orqanlarının işini koordinə etmək, Xəzər dənizi hövzəsində yerləşən beynəlxalq limanlarla yaxından əməkdaşlıq edərək məlumat mübadiləsi mexanizminin daha da təkmilləşdirilməsi, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli və mütəşəkkil dəstələrin fəaliyyətlərinin qarşısının alınması məqsədilə qonşu dövlətlərin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi və birgə beynəlxalq nəzarətli göndərişlər əməliyyat-tədbirlərinin davam etdirilməsi kimi təkliflərin də gerçəkləşdirilməsi pis olmazdı.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində digər ölkələrin, o cümlədən ABŞ, Avstraliya, Ukrayna, Rusiya,Türkiyə, Gürcüstan kimi dövlətlərin keçirdiyi hüquqi islahatlar nəticəsində müsbət nəticələr əldə edilmiş, verilən cəza müddətlərinin artırılması transmilli, mütəşəkkil cinayətkar dəstələrin, eləcə də cinayətin digər iştirakçılarının sayını xeyli azaltmışdır. Bununla əlaqədar milli genofondun zəhərlənməsi və gələcək təhdidinə gətirib çıxaran cinayət fəaliyyətlərinə görə qonşu dövlətlərin hüquq-mühafizə orqanlarının iş təcrübəsi və əldə edilən müsbət nəticələri nəzərə alınmalı, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli və mütəşəkkil dəstələrin üzvlərinin, istifadəçilərin uzun müddətlərə azadlıqdan məhrum olunma cəzalarına məhkum edilmələri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq məcəllələrinə dəyişikliklər edilməlidir.
Bütün səylərə və son vaxtlar keçirilən məqsədyönlü profilaktik tədbirlərə baxmayaraq, respublikada narkomanların sayı artmaqdadır, ən böyük bəla isə onların yaş həddinin azalmasıdır. Bu isə öz növbəsində milli genofondun zəhərlənməsi və təhdidi deməkdir. Buna görə də narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması və narkomaniyanın profilaktikası tək hüquq-mühafizə orqanları deyil, ictimayyətin də qarşısında duran prioritet vəzifələrdən biri olmalı və daim "həyacan təbili" çalınmalıdır.