...

Azərbaycan Səhiyyə Nazirliyi Rafiq Tağının ölümü ilə bağlı ekspertizanın ilkin rəyini açıqlayıb

Cəmiyyət Materials 25 Noyabr 2011 11:22 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Rafiq Tağının ölümü ilə bağlı ekspertizanın ilkin rəyini açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi Rafiq Tağının ölümü ilə bağlı ekspertizanın ilkin rəyini açıqlayıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Rafiq Tağının ölümü ilə bağlı ekspertizanın ilkin rəyini açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, meyitin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar nəticəsində daxili üzvlərin (dalaq, mədəaltı vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də əvvəllər keçirdiyi ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri fonunda ağciyərlərin kəskin ödemi olub.

Tağının meyiti noyabrın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarına əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə komisyon qaydada ekspertiza müayinəsindən keçirilib.

Noyabrın 19-da gecə 23:10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstə dərhal əməliyyata götürülüb, zədələnmiş dalaq xaric edilib, diafraqma və digər yaralar cərrahi işlənərək tikilib. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib, o, palataya keçirilib.

Lakin noyabrın 23-də saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, yazçı-publisist Rafiq Tağının ilkin müəyyən edilmiş məhkəmə-tibbi diaqnozunun dəqiqləşdirilməsi və elmi əsaslandırılması üçün, meyitdən götürülmüş biomaterialların Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tədqiqatları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti