...

Azərbaycanda neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib

Cəmiyyət Materials 29 Noyabr 2011 13:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda aparılmış tədqiqatlar əsasında neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanda neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda aparılmış tədqiqatlar əsasında neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Akademiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında bildirilib ki, neftin yağ və yanacaq istiqamətində emalının və neft-kimya sahəsinin kompleks inkişafının sxemləri müxtəlif variantlarda işlənərək aidiyyəti qurumlara - neft emalı zavodlarına, Dövlət Neft Şirkəti, "Azərikimya" şirkətinə təqdim edilib.

İclasda bildirilib ki, son illərdə respublikada neft-qaz strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm nailiyyətlər əldə olunub. Bu, əsasən neft hasilatının sabitləşdirilməsi, təbii və səmt qazlarının hasilatının kəskin şəkildə artırılması və bunun hesabına ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir.

İclasda qeyd edilib ki, respublikada fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin hasil etdiyi karbohidrogen resursları ölkə iqtisadiyyatının tələbatını əsasən ödəyir. Son illərdə neftin emal dərinliyinin xeyli artaraq dünya standartları səviyyəsinə çatdırılmasına baxmayaraq, təbii və səmt qazlarının emalı, neft-kimya sənayesi müəssisələrinin səviyyəsi, neft məhsullarının çeşidləri və keyfiyyəti dünya standartlarına hələlik cavab vermir.

Neft-qaz sənayesində olan bu problemlərin aradan qaldırılması, karbohidrogen resurslarının müasir standartlara uyğun kompleks şəkildə emalının təşkili məqsədi ilə ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı"na dair imzalamış sərəncama əsasən komissiya yaradılıb. Komissiyanın qərarı ilə "Azərikimya" dövlət şirkətinin neft-kimya kompleksinin yenidən qurulması layihəsi və Dövlət Neft Şirkəti tərəfindən tərtib olunmuş Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya kompleksinə (NQNK) dair layihə Nazirlər Kabinetinin tapşırığı ilə AMEA-ya təqdim edilib.

Məruzəçilər bildiriblər ki, NQNK layihəsi AMEA Kimya elmləri bölməsinin mütəxəssis alimləri tərəfindən təhlil olunub, "Neft-kimyası və Neft-emalı" Problemləri üzrə Əlaqələndirmə Şurasının müzakirəsinə verilib, ARDNŞ, "Azərkimya" İstehsalat Birliyinin sənaye, elm və təhsil ocaqlarının nümayəndələrinin iştirakı ilə hərtərəfli müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti