...

Azərbaycanda sabiq müstəntiq külli miqdarda rüşvət aldığına görə həbs olunub

Cəmiyyət Materials 2 Dekabr 2011 15:14 (UTC +04:00)
Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi Tərlan Əliyev külli miqdarda rüşvət aldığına görə həbs olunub.
Azərbaycanda sabiq müstəntiq külli miqdarda rüşvət aldığına görə həbs olunub

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir M.Əliyev/

Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi Tərlan Əliyev külli miqdarda rüşvət aldığına görə həbs olunub.

Trend-in məlumatına görə, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin cümə günü yaydığı məlumatda bildirilir ki, Tərlan Əliyev vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayev ilə əvvəlcədən razılaşaraq, sonuncunun 41 min ABŞ dolları verəcəyi təqdirdə istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edərək bunun üçün Mehdi Ağayevdən 22 min ABŞ dollarını aldığı müəyyən olunub.

Əliyev onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlib.

Məlumatda bildirilir ki, Tərlan Əliyev cinayət işinin 2010-cu il fevralın 24-də baxılması üçün məhkəməyə göndərilməsinə və həmin tarixdən təqsirləndirilən şəxs Vaqif Ağayevin məhkəmənin hesabına keçirilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Bakı şəhər 7 saylı Dövlət Notariat Kontorunun notariusunun notariat əməliyyatı aparılmasından ötrü təcridxanaya buraxılmasına dair məktub hazırlayıb, notariusun İstintaq Təcridxanasına buraxılmasını təşkil edib.

Etibarnamə əsasında Sumqayıt şəhərindəki evin satışından əldə olunmuş 19 min ABŞ dollarını Mehdi Ağayevdən alıb, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 20 may 2010-cu il tarixli hökmü ilə Vaqif Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azaldıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan sonra Mehdi Ağayevin tələbi ilə aldığı pulun 20 min ABŞ dollarını qaytarıb, 21 min ABŞ dollarını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.

Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Tərlan Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər bir cinayət işi "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialında vəsait çatışmazlığı faktına görə başlanılıb.

İstintaqla müəyyən edilib ki, İbrahim Kərimov "Aqrolizinq" ASC Zaqatala filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 147,2 min manat dəyərində 1,3 ton azot gübrəsini 50 və 70 faiz güzəştlə, 6,7 min manat dəyərində 39,5 ton mineral superfosfat gübrəsini isə 70 faiz güzəştlə rayon sakinləri və sahibkarlara sataraq külli miqdarda, yəni 33,6 min manat pulu mənimsəmə yolu ilə talayıb.

İş üzrə İbrahim Kərimova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti