...

Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların 2-ci forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2011 17:18 (UTC +04:00)
Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumu keçirilib.
Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların 2-ci forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumu keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Ukrayna Azərbaycanlı Gənclər Birliyindən bildirilib.

Azərbaycan və Ukraynanın dövlət və hökumət rəsmilərinin qatıldığı forumda Ukraynanın müxtəlif vilayət və şəhərlərindən 500 nəfər gənc iştirak edib.

Forumu Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsindən qürur duyduqlarını bildirən Birliyin sədri, ölkənin beynəlxalq imicinin yüksəldilməsində, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunmasında, xüsusilə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. O qeyd edib ki, bir il yarım bundan öncə fəaliyyətə başlayan Birliyin Ukraynanın 19 vilayətində regional təşkilatları yaradılıb, 7 mindən çox üzvü olan qurum indiyədək tarixi vətənimiz naminə 70-dən çox tədbir həyata keçirib.

Tədbirə qatılanlar Ukrayna Azərbaycanlı Gənclər Birliyinin həyata keçirdiyi tədbirləri özündə əks etdirən videoçarxa baxmaqla Birliyin səmərəli fəaliyyəti ilə tanış olublar. Forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox sahələrlə yanaşı, gənclər siyasətinə xüsusi yer ayrıldığını vurğulayıb.

Tədbirdə Rusiyadakı Azərbaycan gənclər təşkilatının idarə heyətinin üzvü Emin Hacıyev Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumunun iştirakçılarına ünvamladığı təbrik məktubunu oxuyub.

Sonra Forumda UAGB-nin Dnepropetrovsk, Nikolayev, Odessa, Krım və digər vilayət təşkilatlarının hesabatları dinlənilib.

Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Admnistrasiyasının Xarici əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Ukrayna Ali Radasının deputatı Andrey Pinçuk, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, ASAİF-in sədri Orxan Əkbərov, o cümlədən Diaspola İş üzrə Dövlət Komitəsinin gənclər təşkilatının sədri Vaqif Seyidbəyli, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Dnepropetrovsk Konqresinin sədri Qüdrət Hacıyev və digər qurumların nümayəndələri çıxış edərək Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, elm, mədəni, sosial, iqtisadi həyatına inteqrasiya olunmalarında forumun müstəsna əhəmiyyətindən danışıblar.

Sonra forum "Azərbaycan gəncliyi", "Lobbiçilik fəaliyyəti", "Transmilli korporasiyalar və gənclər siyasəti" mövzularında ayrı-ayrı plenar iclaslarla davam etdirilib. Azərbaycan və Ukrayna prezidentlərinə forum iştirakçıları adından müraciət qəbul olunub. Müraciətdə Azərbaycanın inkişaf edərək qüdrətli dövlətə çevrilməsindəki xidmətlərinə görə Azərbaycanın dövlət başçısına minnətdarlıq ifadə olunub.

Forum "Ukraynanın strateji əməkdaşlığının inkişafında gənclərin rolu" mövzusunda "dəyirmi masa" ilə davam edib. "Dəyirmi masa"da hər iki ölkənin aparıcı gənclər təşkilatlarının fəalları çıxış edərək ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında gənclərin üzərinə düşən vəzifələri müzakirə ediblər. Bu baxımdan gənclər təşkilatlarının birgə layihələr həyata keçirmələri, dövlətlərimizin prinsipal məsələlərində gənclərin eyni mövqeden çıxış etmələri üçün əməkdaşlığa dair razılaşma əldə olunub.

Sonra forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoymaqla Ukrayna parlamentində təşkil olunmuş Azərbaycan və Ukraynanın strateji əməkdaşlığının inkişafında gənclərin rolu mövzusunda "dəyirmi masaya" qatılıbar.

Xəbər lenti

Xəbər lenti