Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin ali məktənblərində bəzi ixtisaslar üzrə təhsil alan magistrlərə möhlət hüququnun verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, nazir şənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, mövcud qanun bu gün magistrlərə möhlət hüququnun verilməməsini tələb edir.
"Ancaq şəxsən mən arzu edərdim ki, bəzi ixtisaslar üzrə magistlərə təhsil müddətində möhlət verilsə, daha yaxşı olar" nazir əlavə edib
Nazirin fikrincə, magistraturada nəzəri ixtisaslar üzrə təhsil alanlara möhlət hüququnun verilməsi yaxşı hal olar.
"Riyaziyyat, fikikanın nəzəri problemləri və digər nəzəri sahələrdə insanlar müəyyən müddət bu işlə bilavasitə məşğul olmadıqda, bu işi davam etdirmək problem yaradır. Bu baxımdan yaxşı olardı ki, belə sahələrdə gənclərə imkan verilsin ki, işlərini fasiləsiz olaraq davam etdirsinlər" - nazir əlavə edib.
Mərdanov əlavə edib ki, hazırda magistrlərə möhlət hüququ verilmir. Təhsil Nazirliyi də dövlətin bir qrumu olaraq, parlament tərəfindən qəbul olunmuş qərarı icra edir.
Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsində magistrlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilmir. Qanun layihəsi parlamentin müvafiq komitəsində müzakirə edilərək, Milli Məclisin iclasında müzakirəyə təqdim olunub.