...

Son 4 ildə Azərbaycanda 20-dək yeni regional məhkəmə fəaliyyətə başlayıb

Cəmiyyət Materials 17 Dekabr 2011 10:57 (UTC +04:00)
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin Assosiyasiyasının ümumi yığıncağında Assosiyasiyanın və Bakının Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov son 3 ildə qurumun fəaliyyəti və ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib.

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir K.Zərbaliyeva/

Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin Assosiyasiyasının şənbə günü keçirilən ümumi yığıncağında Assosiyasiyanın və Bakının Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov son 3 ildə qurumun fəaliyyəti və ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib.

Trend-in məlumatına görə, Cəfərov yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarıın tikintisi ilə bağlı görülən işlərdən danışıb.

O qeyd edib ki, son 4 il ərzində ölkədə 20-dək yeni regional məhkəmə, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi məqsədilə ən güzəştli şərtlərlə kredit ayırıb.

Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə olaraq, 4 bölgəsində regional ağır cinayətlər məhkəməsi təsis edilib, 7 bölgədə inzibati-iqtisadi məhkəmənin yaradılıb. Ümumilikdə isə bu ilin yanvarında 12 regional məhkəmə fəaliyyətə başlayıb.

Hakim şatatlarının sayı 25 faiz artırılıb.

Assosiyasiyanın sədri qurumun bu müddət ərzində fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə geniş məlumat verib.

Cəfərov deyib ki, Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirən Assosiyasiyanın üzvlərinin sayı ötən illə müqayisədə artaraq 340 nəfər olub.

Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Nəbiyev, Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyev, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Əhməd Nurməmmədov birinci instansiya məhkəmələrində çıxarılmış hökmlərin apellyasiya qaydasında ləğvinə və ya dəyişdirilməsinə səbəb olmuş hallar,bank kreditləri ilə bağlı mübahisələr üzrə baxılan mülki işlərin xüsusiyyətləri, tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin bəzi məsələlərinə dair mövzularda çıxış ediblər. Məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr , fikir mübadiləsi aparılıb.

Yığıncaqda Assosiyasiyanın İdarə Heyətinin yeni tərkibi seçilib.

Xəbər lenti

Xəbər lenti