...

Vətəndaşların nəzərinə: Azərbaycanda qızıl adı ilə qiymətsiz metallardan hazırlanmış məmulatlar təqdim edilir

Cəmiyyət Materials 10 Yanvar 2012 14:58 (UTC +04:00)
2011-ci ildə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib.
Vətəndaşların nəzərinə: Azərbaycanda qızıl adı ilə qiymətsiz metallardan hazırlanmış məmulatlar təqdim edilir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib.

Trend-in Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi ilə bağlı 2011-ci il ərzində 30 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib.

Həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib.

Məlumata görə, həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Aparılmış əyar nəzarəti tədbirləri zamanı "Moskva", "Laçın" və "Gənclik" ticarət mərkəzlərində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib.

Belə ki, adı çəkilən ticarət mərkəzlərində fəaliyyət göstərən 11 sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 34 faizinin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

2011-ci il ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 370 462 manat məbləğində dövlət rüsumunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 37 900 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.

Ümumilikdə, 2011-ci il ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 1 607 657 manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti