...

Azərbaycan Yol Polisi sahibkarlara müraciət edib

Cəmiyyət Materials 11 Yanvar 2012 12:03 (UTC +04:00)
Azərbaycan Yol Polisi sahibkarlara ticarət obyektlərinin inşası zamanı avtomobillərin parklanması üçün xüsusi sahələrin ayrılmasını tövsiyə edir.
Azərbaycan Yol Polisi sahibkarlara müraciət edib

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Yol Polisi sahibkarlara ticarət obyektlərinin inşası zamanı avtomobillərin parklanması üçün xüsusi sahələrin ayrılmasını tövsiyə edir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, iş adamları çalışır ki, yeni ticarət obyektlərini avtobusların daha çox işlədiyi, metrolara yaxın ərazilərdə inşa etsinlər.

Onun sözlərinə görə, iş adamları həmin ticarət obyektlərinə şəxsi avtomobilləri ilə gələnləri də nəzərə almalıdırlar.

"Kimsə daha çox müştəri cəlb etmək istəyirsə, avtomobillərin parklanması, saxlanması üçün inşa etdiyi obyektin ətrafında, altında hansısa formada iri duracaqlar təşkil etməlidir. Bu da müştərini həmin obyektə cəlb etməyin formalarından biridir", - Əliyev deyib.

Şöbə rəisi yol kənarlarında olan ticarət obyektlərinin əksəriyyətinin qarşısında tıxacların olduğunu qeyd edib və bildirib ki, həmin obyektlərin qarşısında avtomobilin parklanması digər nəqliyyatın hərəkətinə mane olursa, ərazidə xidmət aparan yol polisi əməkdaşları həmin sürücülər barəsində müvafiq tədbir görür.

"Tərəfimizdən tədbir görülməsinə baxmayaraq, həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti həmişə çətinləşir. Yaxşı olardı ki, ticarət obyekti tikiləndə parketmə yerlərinin, xüsusi duracaqların təşkili nəzərə alsın. Belə olarsa, nəqliyyatın hərəkətində problem yaranmayacaq, həmin obyektlərə gedən əhalinin də sayı çox olacaq", - Əliyev deyib.

Onun sözlərinə görə, ticarət mərkəzləri inşa olunanda iş adamları avtomobillərin parklanması ilə bağlı yol polisindən xüsusi razılıq almır.

Şöbə rəisi deyib ki, ticarət obyektləri yol kənarındadırsa, iş adamları yolda müəyyən parketmə yerlərinin, müvafiq nişanların qoyulması ilə bağlı yol polisinə müraciət edə bilərlər.

"Onların müraciətləri qanuna uyğundusa, orda nəqliyyat vasitələrinin saxlanmasına, durmasına şərait varsa, həmin ərazidə müvafiq nişanlar qoyula bilər. Əgər, həmin yerdə nəqliyyat vasitələrinin saxlanması digər nəqliyyatın hərəkətinə mane olarsa, artıq elə ərazilərdə avtomobillərin dayanmasına icazə verilmir", - idarə sözçüsü deyib.

Xəbər lenti

Xəbər lenti