Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin bır sıra turizm şirkətləri ilə birgə Almaniyanın Ştuttqart şəhərində bu gündən keçirilməyə başlanan "CMT 2012" beynəlxalq turizm sərgisində iştirak edir.
Trend-in şənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv/m sahədə Azərbaycanın lövhəsi quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün alman, ingilis dillərində 30 adda müxtəlif növ reklam-çap məhsulları və digər təbliğat materialları hazırlanıb.
Azərbaycan ötən il də "CMT" beynəlxalq turizm sərgisində iştirak edib. Bu ilki tədbirdə ölkəmiz ilə yanaşı 100-ə yaxın ölkə iştirak edir.
Azərbaycan turizminin Almaniya turizm bazarında tanıdılması və bu ölkədən turistlərin cəlb olunması məqsədilə 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Ştuttqart sərgisindən əlavə martın 7-11-də Berlində keçiriləcək "İTB 2012" beynəlxalq turizm sərgisində də iştirak etməyi planlaşdırır.