...

Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti araşdıracaq qrupu fəaliyyətini bərpa edib

Cəmiyyət Materials 16 Yanvar 2012 15:14 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini bərpa edib.
Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti araşdıracaq qrupu fəaliyyətini bərpa edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini bərpa edib.

Şuradan bazar ertəsi Trend-ə verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan ibarət qrup paytaxtın ayrı-ayrı rayonlarında mətbu vasitələrin satışının həyata keçirilməsi sahəsindəki mövcud tendensiyaları nəzərdən keçirəcək, xüsusən, qəzetlərin əllə yayılması ilə bağlı ortaya çıxan çətinlikləri araşdıracaq.

Bunun üçün qrupun üzvlərinin yerlərdə, icra hakimiyyətlərində və digər müvafiq instansiyalarda görüşlər keçirməsi də planlaşdırılır.

Qrupun başlıca məqsədi səyyar qəzet satışı ilə bağlı işin qanuni müstəvidə qurulmasına dəstək göstərməkdən, bunun üçün zəruri mexanizmlərin tətbiqini nəzərdə tutan təkliflər paketi hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasına səyyar qəzet satışı sahəsindəki problemlərlə bağlı bəzi redaksiyalardan və ayrı-ayrı qəzet satıcılarından müraciətlər daxil olub. Şura bu müraciətləri nəzərə alaraq, bu il yanvarın əvvəlində Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə mövcud istiqamətdəki vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş olunub.

Mətbuat Şurası sözügedən məsələ ilə bağlı ölkədəki yayım firmalarının nümayəndələri, redaksiyaların təmsilçiləri ilə məsləhətləşmələr aparıb, səyyar satış işinin hüquqi tənzimlənməsindəki mümkün variantları nəzərdən keçirib.

Xəbər lenti

Xəbər lenti