...

2020-ci ilədək Azərbaycanda pensiyaçıların sayı sabit qalacaq

Cəmiyyət Materials 17 Yanvar 2012 09:51 (UTC +04:00)
Azərbaycanda pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qabaqlayıcı qərarlar nəticəsində pensiyaçıların ümumi sayı 2020-ci ilədək sabit qalacaq.
2020-ci ilədək Azərbaycanda pensiyaçıların sayı sabit qalacaq

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qabaqlayıcı qərarlar nəticəsində pensiyaçıların ümumi sayı 2020-ci ilədək sabit qalacaq. Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

O bildirib ki, ilkin məlumatlara görə, 2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər təşkil edib. Yaşa görə əmək pensiyaçılarının sayı 18 300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalıb, əlilliyə görə isə 7300 nəfər artıb.

2011-ci ildə sistem üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq.

Fond sədrinin sözlərinə görə, bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı idi. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiya olunmasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan verib. Bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması prosesi də artıq başa çatdırılır.

Müslümov qeyd edib ki, 2011-ci ildə DSMF-nin xərcləri 2 milyard 118 milyon manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 66 milyon manat xərclənib ki, bu da əvvəlki ilə nisbətən 362 milyon manat çoxdur. Bu məbləğin 2 milyard 11 milyon manatı bilavasitə pensiyaların, 55 milyon manatı isə müavinətlərin ödənişinə sərf olunub.

Xəbər lenti

Xəbər lenti