...

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi təklif olunur

Cəmiyyət Materials 17 Yanvar 2012 13:20 (UTC +04:00)
Ekspertlər hesab edirlər ki, yol qəzalarının sayının azaldılması üçün cəzalar sərtləşdirilməlidir.
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi təklif olunur

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ekspertlər hesab edirlər ki, yol qəzalarının sayının azaldılması üçün cəzalar sərtləşdirilməlidir. Trend-in məlumatına görə, bu barədə "Təhlükəsiz Yol" Alyansının çərşənbə axşamı təşkil etdiyi "Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu" mövzusunda "dəyirmi masa"da bildirilib.

"Təhlükəsiz Yol" Alyansının həmtəsisçisi Əliməmməd Nuriyev tədbirdəki çıxışında deyib ki, bəzi ölkələrdə avtomobili sərxoş idarə edənlər sürücülük hüququndan məhrum edilirlər.

Onun sözlərinə görə, dünyada ildə 1,2-1,5 milyon insan yol qəzaları nəticəsində dünyasını dəyişir.

Nuriyev hesab edir ki, bu tendensiya davam etsə, yol qəzaları dünyada ölüm səbəbləri arasında ikinci yeri tutacaq.

O qeyd edib ki, yol qəzalarında dünyasını dəyişənlərin əksəriyyəti 25 yaşınadək olanlardır.

Nuriyev infrastrukturun yaradılması, körpülərin tikintisində standartlarla bağlı problemlərin olduğunu da qeyd edib.

Alyansın həmtəsisçisi Şahin Camalov bildirib ki, 2011-ci ildə 1016 nəfər yol qəzaları zamanı dünyasını dəyişib. Onun sözlərinə görə, bu hadisələrinin baş verməsinin əsas səbəbi avtomobilin yüksək sürətlə idarə olunmasıdır.

"Ötən il yol qəzalarında ölüm halları ən çox paytaxtın Ziya Bünyadov, Babək, Nobel, Heydər Əliyev prospektlərində baş verib", - Camalov bildirib.

Azərbaycanda 12 qeyri-hökumət təşkilatından ibarət "Təhlükəsiz Yol" Alyans yaradılıb.

Alyansın yaradılmasında məqsəd ölkədə sürətlə artan yol qəzalarının, çoxsaylı vətəndaşların yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində layihələr icra etmək, problemin həlli istiqamətində əsaslı işlər görməkdir.

Alyans ölkədə yol mədəniyyətinin formalaşdırılması, habelə bu sahəyə məsul dövlət qurumlarının məsuliyyətinin artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərində silsilə layihələrin icra edilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti