Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda istehlak məhsullarının üzərində erməni dilində izahatlara rast gəlinib.
Söz Azadlığını Müdafiə Fondundan (SAMF) Trend-ə verilən məlumata görə, Fond dövlət dilinin qorunması istiqamətində həyata keçirdiyi layihənin növbəti mərhələsini başa çatdırıb.
Növbəti monitorinqdə Azərbaycana idxal olunan ərzaq və qeyri ərzaq məhsullarının üzərindəki izahlarda ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət dilimizin qorunması ilə bağlı real vəziyyət araşdırılıb.
Monitorinq zamanı paytaxtda satışa çıxarılan 198 adda idxal olunmuş məhsula baxış keçirilib. Əmtəələrin 24 faizini süd məhsulları, 16 faizini ət məhsulları, 9 faizini turşular, 28 faizini şirniyyat məhsulları, 17 faizini sərinləşdirici içkilər, 6 faizini isə yuyucu vasitələr təşkil edib.
Monitorinq zamanı bəlli olub ki, baxış keçirilən və fotolarda əks olunan idxal məhsullarının yalnız 24,7 faizinin üzərində Azərbaycan dilində izahatlar qeyd olunub.
Bu izahatların 0,5 faizi ölkəmizdə fəaliyyət göstərən distribüterləri8n vasitəsilə sonradan - malın qablaşdırıldığı karton, kağız və digər materialların üstünə yapışdırılıb.
Araşdırmalar zamanı bəlli olub ki, monitoriqi aparılan idxal məhsullarının üzərindəki izahların 48 faizi gözlə görülə biləcək səviyyədə deyil, yəni 3-5 şrift ölçüsündə verilib. Hətta makaron məhsullarının beşində 18 dildə izahatlar verlib ki, izahatların heç biri oxunmur. Oxunmayan izahatın sadəcə izahat xatirinə məhsulun üzərinə yapışdırılması isə istehlakçıya qarşı edilən hörmətsizlik kimi qəbul edilə bilər.
Monitorinq zamanı Türkiyə və Rusiya istehsalı olan əmtəələrin heç birində Azərbaycan dilində məlumata rast gəlinməyib.
Monitorinq olunmuş 4,5 faiz istehlak məhsulunun üzərində erməni dilində izahlara rast gəlinib.
"Dövlət dili haqqında" qanunun tələbinə görə, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.