Bakı. Trend:
Elektron siqaretlər və enerji içəcəkləri ilə bağlı müzakirələrdə çox vaxt diqqət yalnız nikotinin, kafeinin və ya ayrı-ayrı kimyəvi maddələrin birbaşa zərərinə yönəlir. Halbuki problemin mahiyyəti daha dərindir və daha təhlükəlidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Sədr müavini vurğulayıb ki, əsas təhlükə təkcə bu maddələrin toksik təsiri deyil, ticari məqsədlərlə insanlarda alışqanlıq və asılılıq yaradan mexanizmin qurulmasıdır. Çünki asılılıq yarandıqdan sonra zərər artıq birbaşa deyil, dolayı və çoxşaxəli şəkildə ortaya çıxır.
“Məsələn, enerji içkiləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, problem yalnız kafeinin ürək ritminə və ya sinir sisteminə təsiri ilə məhdudlaşmır. Bu içkilərin davamlı istifadəsi, asılılıq yaratmaq məqsədilə formalaşdırılmış tərkibinə görə, insanı getdikcə daha çox istehlaka sürükləyir. Nəticədə əsas zərər yüksək şəkər miqdarı üzərindən ortaya çıxır. Bu isə metabolik sindromun formalaşmasına, ardınca isə ürək-damar xəstəlikləri, insult, diabet və bəzi xərçəng növlərinin yaranmasına aparan ciddi etioloji zəncir yaradır”.
Millət vəkili bildirib ki, elektron siqaretlərdə də vəziyyət fərqli deyil:
“Tüstüsüz”, “rəngsiz”, “az zərərli” kimi reklam məqsədli təqdim olunan bu vasitələrin içərisinə müxtəlif maddələrin əlavə edilməsi və bu maddələrin yanma zamanı kimyəvi olaraq dəyişməsi ciddi və bəzən aşkarlanması çətin risklər yaradır. Kütləvi istehsal prosesində tərkibə nəzarətin zəifləməsi hallarında, hətta psixoaktiv və narkotik təsirli maddələrin əlavə olunması ehtimalı belə mövcuddur. Bu isə həm gizli asılılıq, həm də uzunmüddətli sağlamlıq fəsadları deməkdir.
Qısaca desək, asılılıq və alışqanlıq yaradan hər bir vasitə, xüsusilə gənclər üçün strateji təhlükədir. Çünki gənc orqanizm və formalaşmaqda olan davranış modelləri bu cür təsirlərə daha açıqdır”.

R.Mahmudovun sözlərinə görə, digər tərəfdən, tibbin inkişafı və müalicə imkanlarının artması ilə paralel olaraq, xəstəliklərin artması müəyyən kommersiya subyektləri üçün iqtisadi maraq sahəsinə çevrilir.
“Bu reallıq bizi bir həqiqətlə üz-üzə qoyur. Sağlam cəmiyyət yalnız müalicə edən səhiyyə ilə deyil, həm də xəstəliyin qarşısını alan mexanizmlə qurulur.
Bəli, 100–200 il əvvəl siqaret ilk dəfə ortaya çıxanda bu qədər elmi məlumat yox idi. Amma bu gün bizdə var. Bu biliklər hökumətləri yeni yaranan təhlükələrə qarşı daha çevik, daha qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.
Bu artıq seçim məsələsi deyil, bu, gələcək nəsillərin sağlamlığı ilə bağlı məsuliyyətdir”, - deyə o fikrini yekunlaşdırıb.
